Klub rəhbərliyi araşdırmaya başlasın - Qəsdən uduzurlar?

11:40 Araz-Naxçıvan 357
Klub rəhbərliyi araşdırmaya başlasın - Qəsdən uduzurlar?

Andrey Demçenkonun «Araz-Naxçıvan»a təyinatından 1 ay, 5 gün keçir.

Premyer Liqanın bürünc medalçısı yeni baş məşqçi ilə çıxdığı 3 rəsmi oyundan hələlik 1 xal toplayıb.

Həmin o 1 xalı da son dəqiqədə - 90+2-ci dəqiqədə Ramon Maçadonun sayəsində qazanıblar. Braziliyalı hücumçu Qubadakı matçda uzaq məsafədən qapıya zərbə endirmək məsuliyyətini öz üzərinə götürməsəydi, «İmişli»yə də uduzacaqdılar.

Demçenko buradakı işinə pis başlamayıb, çox pis başlayıb. «Neftçi»yə 0:3, «Sabah»a 1:4 hesablı yenilgilər klub rəhbərliyinə ciddi siqnaldır - ən qısa zamanda 180 dərəcə dönüş olmasa, «Araz» avrokuboklara vəsiqə iddiasını elitada qalmaq məqsədinə dəyişəcək.

Bu, çox realdır.

«Araz» şəxsi maraqların qurbanına çevrilib. Ayrı-ayrı fərdlərin qrup çıxarlarına əsir düşən futbolçular bilmir kimə qulaq assın.

Bir tərəfdən Demçenkonun hücum futbolu oynatmaq fikri futbolçuların gözünə əcaib-qəraib bir şey kimi görünürsə, digər yandan, Elmar Baxşıyevin təsiri komandanın üzərindən çəkilməyib.

Sanki o, hələ də buradadır və istər rəsmilərin, istərsə də yeni baş məşqçinin ünvanına zəhər-zəmbələk sözlər deyir.

Qoy, aidiyyatlı şəxslər araşdırsın ki, oyunçular Baxşıyevlə əlaqəsini saxlayıb, ya saxlamayıb.

Bilmələri vacibdir ki, onunla kimlərin münasibəti var və aralarında danışıqlar olursa, konkret nədən söhbət edirlər.

İddia eləmirik ki, bu, həqiqətən belədir. Sadəcə, «Araz»ın son 3 turdakı könülsüz oyunu, biabırçı nəticələri ciddi şübhələrə yol açır.

Komanda paltardəyişmə otağında məğlubiyyətlə barışaraq, meydana çıxır - hər üç matçda erkən qollar buraxmağı başqa nə ilə əlaqələndirmək olar ki?

Hər halda bu, təsadüfə oxşamır.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!