«Araz-Naxçıvan»da səlahiyyət bölgüsü aparılıb.
Bu mövsümdən seleksiya qrupuna başçılıq edən Ceyhun Sultanov böyük məsuliyyətin altına girib.
Vaxtilə «Neftçi» və «Keşlə»də mühüm vəzifə tutmuş funksioner artıq burada ikinci şəxsdir. Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov de-fakto rəhbərlik etdiyi klubun hər işini ona tapşırıb.
Təcrübəli idarəçi nəticələrə görə onun qarşısında cavabdehlik daşıyacaq. Bunun da öz səbəbləri var.
Əvvəla, komanda ötən ilin yayında Sultanovun seçdiyi futbolçuların hesabına formalaşdırılıb. Hazırda burada olanların əksəriyyəti onun vasitəsilə gələnlərdir.
Elə Andrey Demçenko da tanınmış menecerin tapıntısıdır. Yeni baş məşqçinin təyinatında Ceyhun bəyin baxışı önəmli rol oynayıb.
Seleksiya işlərinə məsul şəxs son olaraq Qazaxıstanda «Jenis»i çalışdırmış Demçenkonun fəaliyyətini Azərbaycanda davam etdirməsində «körpü» funksiyasını yerinə yetirib. Belədə tərəflər arasında 5 ay+1 illik müqavilə imzalanıb.
17 tura 27 xal toplamış «ağ-qırmızılar» hazırda Premyer Liqada yeddinci yerdədir.
Muxtar Respublika təmsilçisi mövsümün sonunda avrokuboklara vəsiqə qazanmasa, yeni çalışdırıcı ilə müqavilə qüvvədən düşmüş sayılacaq və o, təzminat almadan gedəcək.
Şər deməsən, xeyir gəlməz - bəs Ceyhun Sultanovun taleyi necə olacaq? Şübhəsiz, yaxası əldə qalacaq.
Çünki Zaur Axundov «Araz»a klub tarixinin ən böyük büdcəsini ayırıb. Yayda komandaya kifayət qədər bahalı oyunçular cəlb olunub.
SPORTİNFO.AZ

