Məlum olduğu kimi, Azərbaycan çempionatının iştirakçıları ciddi problemlə üzləşib.
Klublar artıq 2 aydır maliyyə yardımı almır.
Bura Premyer Liqa, I Liqa, II Liqa və Region Liqasının təmsilçiləri daxildir.
Yarışmaçılar sonuncu dəfə noyabr ayının dotasiyasını alıb. Həmin tarixdən bəri AFFA tərəfindən onların hesabına 1 manat da köçürülməyib.
Araşdırmamıza görə, indiyədək görünməmiş yubanma federasiyanın özündən qaynaqlanmır. SOCAR-da udit yoxlaiaları davam etdiyindən, vəsaitin ünvanına çatdırılmasında çətinlik yaranıb.
Problem nə vaxt həll olunacaq? AFFA-dan klubların diqqətinə çatdırılıb ki, yanvarın 31-dək gözləsinlər.
Ölkə çempionatına qatılanlar 2021-ci ildən etibarən maliyyə dəstəyi alır. Ödənilən məbləğ statusa uyğun bölüşdürülür.
Məsələn, Premyer Liqada mübarizə aparanların illik ianəsi 2,5 milyon manat təşkil edir. I Liqada bu rəqəm 300 min manatdır.
II Liqada qüvvəsini sınayanların aldığı məbləğ 58 min manatdır. Region Liqasında yarışanlar isə hər ay 1200 manat alır.
Belə bir vəziyyətdə Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın köməyinə çatıb.
Futbolçuların müraciətini nəzərə alan NFF-nın başçısı şəxsi imkanları hesabına dekabr ayının ödəmələrini həyata keçirib.
Bir aydan artıqdır futbol sektoruyla maraqlanmağa vaxt tapmayan iş adamı yeni baş məşqçi Andrey Demçenko ilə görüşüb.
O, ukraynalı çalışdırıcını öz tələbləriylə tanış eləyib. Bildirib ki, istəyi «ağ-qırmızılar»ı ötən yay olduğu kimi, yenə avrokuboklarda görməkdir.
Axundov bu yolda komandaya hər cür dəstək verəcəyini söyləyib. 49 yaşlı mütəxəssis isə öz növbəsində medallar uğrunda sonadək mübarizə aparacaqlarını deyib.
Demçenko yaxşı heyət formalaşdırıldığını, Premyer Liqada üçüncü-dördüncü yerlərdən birini tuta biləcəklərini vurğulayıb.
Yanvarın əvvəlində Muxtar Respublika təmsilçisi ilə 5 ay+1 illik müqavilə imzalamış sükançı, sadəcə, zədəli oyunçuların çoxluğundan gileylənib, vəziyyəti dəyişmək üçün əlindən gələni etdiyini diqqətə çatdırıb.
Demçenko ötən həftəsonu Azərbaycanda rəsmi rebtünü gerçəkləşdirib. «Araz» Qubada «İmişli»nin qonağı olub və Roman Maçadonun 90+2-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qurtulub - 2:2,
Naxçıvan klubu 17 turdan sonra 27 xal toplayıb. «Sumqayıt»la eyni xala malik kollektiv onlarla birgə turnir cədvəlində altıncı-yeddinci pillələri bölüşdürür.
SPORTİNFO.AZ

