“Hələ ki, belə davam edirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın baş məşqçisi Andrery Demçenko deyib.
Premyer Liqada qış fasiləsi sabah başa çatacaq.
Sezonun ilk yarısında qeyri-sabit nəticələr göstərən «ağ-qırmızılar» 17-ci turun ilk oyun günündə «İmişli»nin qonağı olacaq.
Bu, ukraynalı mütəxəssisin Azərbaycan çempionatında debütü kimi tarixə keçəcək.
Belə vacib qarşılaşma öncəsi komandada bir sıra problemlər mövcuddur. Mərkəz müdafiəçiləri İosif Paro ilə Rahil Məmmədov zədəlidir.
Görəsən, Demçenko nə etməyi düşünür? Onu dinləyək:
«Təəssüflər olsun ki, vəziyyət budur. Sol cinah müdafiəçisi Bruno Frankonu məcburiyyətdən stoper kimi oynatmaq məcburiyyətində qalmışıq.
Sonra necə olacağını zaman göstərəcək. Heyət cəhətdən çətinliklərimiz var.
Gərək heç nəyə fikir verməyək və toparlanaq. Komandanı altıncı yerdə təhvil almışam.
Məqsədimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdır».

