Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün 16 turu əhatə edən birinci yarısı arxada qaldı.
"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.
Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.
2 debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?
Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.
"Araz Naxçıvan"la davam edirik...
Ötən mövsümün bürünc medalçısı yayda yaxşı gələcək vəd edirdi. Xüsusilə səviyyəli yeni əcnəbi transferlərdən sonra güclü "Aris" üzərində parlaq qələbəsi ilə hətta adını çempionluğa namizədlər arasında saldıra bilmişdi. Amma "Omoniya"dan gələn ağır zərbə kollektivə çox pis təsir etdi. Düzdü, ilk turda "Zirə" ilə bərabərlik və ardınca əldə olunan 3 qələbə Kip faciəsinin arxada qaldığını göstərirdi. Lakin "Qarabağ"dan alınan 0:5 hesablı darmadağın böyük hədəfləri kölgə altına salmış oldu. Əbəs deyil ki, sonrakı 11 turda Elmar Baxşıyevin komandası enişli-yoxuşlu qrafik cızdı. Bu dövrdə cəmi 4 qələbə qazanan "Araz" eyni sayda bərabərlik yadda qaldı. Alınan 3 yenilgidən birinin aşkar autsayder "Qəbələ"dən olması daha ağır idi.
Proseslərin yekunu təcrübəli mütəxəssisin istefası ilə yekunlaşdı.
Açığı, qərara təəccüblənmədim. Ötən mövsümün sonundan proses alovlanmışdı. Bunu görməyə göz də lazım deyildi. Baxşıyevin gedişi hər an baş verə bilərdi. Sadəcə "Aris" üzərində qələbə və liqada turnir cədvəlində üst sıralardan uzaqlaşmamaq prosesi ötən ilin sonlarına qədər uzatdı.
Düzdü, hər nə qədər zədələr, cəzalar optimal heyətlə oynamağa mane olsa da, bəzi görüşlərdəki nəticələr arzuolunan deyildi. Heç göstərilən futbol da. "Kəpəz"ə məğlub olmaqla ölkə kubokundanda kənarda qalmağı da Baxşıyevin passivinə əlavə etməsək olmaz.
Amma insafla danışası olsaq, bir qədər ağır və erkən qərar olduğunu deməliyik. Hər halda, Baxşıyevin bu klubda əməyi az deyildi. Tarixində ilk dəfə avrokuboklara aparmış, mərhələ adlamasının memarı olmuşdu. Hazırkı mövsümün birinci yarısını "Araz" 6-cı sırada bitirsə də, üçüncü pillədən cəmi 2 xal geri qalır. Bir sözlə, yenidən ötənilki nəticəni təkrarlamaq, avrokuboklarda iştirakçı olmaq elə də əlçatmaz deyildi.
Artıq olanlar dünəndə qaldı. 45 yaşlı mütəxəssis bu gün "Araz-Naxçıvan"ın başında deyil. Demçenko ilə yeni dövr start götürüb. Qeyd etdiyimiz kimi, sələfi ukraynalı çalışdırıcıya avrokuboklara getmək, medalçılar sırasında yer almaq şansları yüksək olan yaxşı kollektiv buraxıb. Necə olacağını isə təbii ki, qarşıdakı 17 turda görəcəyik.
XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

