«Araz-Naxçıvan»ın yeni baş məşqçisi Andrey Demçenko burada gözləmədiyi situasiya ilə üzləşib.
Yanvarın ilk günlərində görəvləndirilmiş ukraynalı hələ də Zaur Axundovun qəbuluna düşə bilməyib.
Adətən, klubla bağlı bütün qərarları təkbaşına verən, tez-tez məşqçi və futbolçu heyəti ilə görüşən Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti aradan iki həftə keçməsinə baxmayaraq, 49 yaşlı çalışdırıcıyla görüşməyib.
Klubdan redaksiyamıza daxil olan məlumata görə, o, hazırda şəxsi işləriylə məşğuldur və «Araz»a aid heç bir məsələyə vaxt ayıra bilmir. İş adamı futbol mövzusunda hər hansı mövzu barədə narahat edilməsini istəmir.
Nə kimsə ilə görüşür, nə də danışır. Əməkdaşlar onun əyləşdiyi kabinetin qarşısından keçməyə belə, ehtiyatlanır. Birdən görər və hirslənər deyə…
NFF-nın birinci şəxsi ona doğma klubu kimə tapşırıb? Hazırda bütün səlahiyyətlər qeyri-rəsmi olaraq Ceyhun Sultanovdadır.
Ötən ilin yayından bəri seleksiya işlərinə məsuliyyət daşıyan funksioner artıq ciddi güc mənbəyidir.
Demçenko bütün işləri onunla məsləhətləşir və danışır. Nə edəcəyini, nə iş görəcəyini də Sultanov başa salır.
SPORTİNFO.AZ

