“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlanıb.
Klubun mətbuat xidməti saytımızın bir müddət əvvəl yaydığı xəbəri az öncə təsdiqləyib.
Bildirilib ki, Andrey Demçenko ilə “5 ay+1 il” illik müqavilə imzalanıb. Ukraynalı mütəxəssis bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilmiş Elmar Baxşıyevi əvəzləyib.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925” və “Bukovina”nı çalışdırıb.
O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib.
50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub. Onun köməkçiləri barədə əlavə əlavə məlumat veriləcəyi bildirilib.
Dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək.
Komanda qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Rəqiblərdən ikisi məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək.
Bundan 5 gün sonra - yanvarın 14-də isə sparrinq - rəqib “Qəbələ” olacaq. Yanvarın 18-də keçirilək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək.
Saytımız Demçenkonun “Araz”ın sükanı arxasına keçəcəyi haqda ilk xəbəri dekabrın 23-də oxucuların diqqətinə çatdırıb (https://www.sportinfo.az/idman_xeberleri/araz-nakchivan/238514.html).
SPORTİNFO.AZ

