Bir göz qırpımında Bakıya bilet alan: “Dedim, problem yoxdur, gedək”

19 Dekabr 2023 21:20 Araz-Naxçıvan 4 417
Bir göz qırpımında Bakıya bilet alan: “Dedim, problem yoxdur, gedək”

“Araz-Naxçıvan”ın qapısını qoruyan Kristian Avram hazırda Premyer Liqada yaxşı mənada adından söz etdirən legionerlərdəndir.

Muxtar Respublika təmsilçisi ilə hazırlıq keçməyən, kollektivə avqustun ortalarında qoşulan 29 yaşlı qolkiper həm də Moldova millisinin şərəfini qoruyur.

Avram Sportinfo.az-a verdiyi müsahibədə “Araz-Naxçıvan”, ölkəmizdəki legioner həyatı, Moldova futbolu və digər mövzular ətrafındakı suallarımızı cavablandırıb.

- “Araz-Naxçıvan”dan başlayaq. Komanda sərgilədiyi oyun, “Qarabağ”, “Neftçi”, “Zirə” kimi rəqiblərini məğlub etməklə təəccübləndirməyi bacarıb. 1 aya yığılan komandanın uğurunun sirri nədədir?

- Məncə, burada təəccüblənməli heç nə yoxdur. Çox yaxşı komandaya, ən əsası, sağlam kollekivə sahibik. Bəzi oyunlarda diqqətli olsaydıq, daha yaxşısını edə bilərdik. Üstünlüyümüz çox yaxşı, savadlı məşqçilər heyətinə sahib olmağımızdadır. Bizə lazım olan tapşırıqları verirlər, rəqibləri təhlil edirlər, komandaya xoş ab-hava yaratmağı bacarırlar. Baş məşqçidən özümüzə qarşı hədsiz inam görürük. Və bu fakt futbolçularda özünəinam yaradır. Biz də çalışırıq meydanda bizə olan güvənin qarşılığını verək.

- Azərbaycan Premyer Liqasında oynamaq necə hisdir?

- Çempionatda çox yaxşı komandalar, səviyyəli futbolçular var. Vəziyyətin bu cür olması futbolun inkişafına lazım olan dəstəyi verir. Burada legioner həyatı yaşamaqdan məmnun olduğumu deyə bilərəm. Maraqlı mübarizəyə şahidlik edirik.

- Ölkəmizə gələnə qədər təəssüratların necə idi? Nə bilirdin, nə eşitmişdin?

- Desəm ki, hər həftə turnir cədvəlinə baxırdım, yox. İmkan düşdükcə nəticələri gözdən keçirirdim, ayda 1-2 dəfə. Hansı komandaların hansı pillədə olduğunu görürdüm. Vaxtilə Azərbaycanda moldovalı futbolçuların sayı çox olub. Onlar burada oynayanda Premyer Liqa daha çox diqqətimi çəkirdi. Verdikləri müsahibələrdən də başa düşürdüm ki, Azərbaycan futbolu inkişaf edir, çempionatda güclü komandalar var. Bu gün burada olduğuma görə “Araz-Naxçıvan”ın rəhbərliyinə və baş məşqçimizə təşəkkür edirəm.

- Əvvəl çempionatımızda top qovanlardan kimləri tanıyırdın?

- Demək olar hamısını. Denis Kalinkov, Vadim Borets, Stanislav Namaşko, Aleksey Savinov, Aleksandru Dedov, Yevgeni Koçuk... “Turan Tovuz”un şərəfini qoruyan Denis Marandiçi ilə də milli komandada çıxış edirik.

- Təklif alanda kimdən məsləhət aldın?

- Bura gəlməmişdən əvvəl “Petrokub”daydım. Bu komandanın baş məşqçisi isə Aleksey Savinov idi. “Araz-Naxçıvan”a keçidimdə Savinovun da rolu oldu. O, Azərbaycan haqda xoş fikirlər səsləndirərək getməyimi məsləhət gördü. Vaxtilə Savinovun burada dostluq etdiyi insanlarla indi mən də yoldaşlıq edirəm.

- Uyğunlaşma prosesini tez keçdin sanki. Bakıya gələndən 2-3 gün sonra meydana çıxdın və xoş təsir bağışladın.

- Uyğunlaşma ilə bağlı soruşanda həmişə deyirəm ki, bu, insanın özündən asılıdır. Sən hamıyla münasibətdə insani keyfiyyətlərini qoruyub-saxlaya bilirsənsə, qarşındakı insanlar da sənə qarşı xoş davranacaq. Ona görə də bu baxımdan problem yaşamadım.

- Yeri gəlmişkən, “Araz-Naxçıvan”a keçidin bir göz qırpımında baş verdi. Semir Bukviç ilk turda “Turan Tovuz”la qarşılaşmada kobud səhvlərlə yadda qaldı və ertəsi qapıçı axtarışına başlayıb səni tapdılar. Bir, iki, üç və sən artıq Bakıdaydın. Həmin anı necə xatırlayırsan?

- Mən gələnə qədər nələrin baş verdiyini bilmirəm. Menecerim zəng vurub “Araz-Naxçıvan”dan təklif olduğunu dedi. Dedim, problem yoxdur, gedək. Həmin vaxt “Petrokub”daydım və klubla müqaviləm davam edirdi. Rəhbərliyə Azərbaycana getmək istədiyimi bildirib, bu mənada mənə şərait yaratmalarına dair kömək istədim. İki klubun peşəkar rəsmiləri öz aralarında danışıb razılaşandan sonra Bakıya uçdum. Fürsətdən istifadə edib “Petrokub” rəhbərliyinə təşəkkür etmək istəyirəm. Onlar indi də “Araz-Naxçıvan”ın nəticələrini diqqətdə saxlayır, yaxşı olmağım üçün istənilən köməkliyi göstərə biləcəklərini söyləyirlər.

- Azərbaycanın özü və çempionatı Moldovadan BƏƏ, Qətər, yaxud Səudiyyə Ərəbistanı kimi zəngin görünür?

- Azərbaycan MDB ölkələri siyahısına daxildir. Ümumiyyətlə, bu ölkə uşaqlıqdan yadımda keçmiş SSRİ respublikası kimi qalıb. Başqalarının fikrini bilmirəm, şəxsən mən Azərbaycana BƏƏ, yaxud Ərəbistan gözündə baxmamışam. Əsas odur ki, buradayam və Azərbaycandakı yaşayışımdan zövq alıram.

- Çempionatımızda çıxış edən qapıçılardan kim(lər)i bəyənirsən?

- Bir nəfər xoşuma gəlir, o da “Araz-Naxçıvan”ın qapısını qoruyur. Kristian Avramı deyirəm (gülür).

- Yalnız onu?

- Belə deyim, rəqiblərin oyunlarına baxanda, əsasən komandaya diqqət yetirirəm, ayrı-ayrı futbolçulara yox. Qapıçılardan danışmalı olsaq, hər biri özünə görə bacarıqlı və işini biləndir.

- Moldova millisi AVRO-2024-ün seçmə mərhələsində Polşa, Çexiya, Albaniya kimi güclü rəqiblərlə oyunlarda 10 xal topladı. Hətta sona yaxın qrup mərhələsini uğurla dəf etmək şansınız da var idi. İnamlı çıxışın sirri kimdə, yaxud nədə idi?

- Son oyunlara qədər şansımızı saxlayırdıq. Lakin həlledici anlarda ustalıq səviyyəsi istər-istəməz özünü göstərirdi. Millidə oynayan futbolçuların hərəsi bir klubdan, bir ölkədən gəlir. Belə olanda əsas yük baş məşqçinin üzərinə düşür. İnamlı çıxışın əsas səbəbini baş məşqçi daha yaxşı bilir. Lakin mənim fikrimi bilmək istəyirsinizsə, bizə öz övladları kimi yanaşıb oyunlara kökləyən baş məşqçimizin adını çəkə bilərəm. Uşaq getdiyi yerdə tərbiyəsini göstərəndə valideynlərinə “halal olsun” deyirlər. Futbolda da belədir, futbolçu uğurludursa, deməli, məşqçisi onu yaxşı öyrədib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti