Dekabrın 16-sə səhər saatlarında Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonundan keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mersedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Nəticədə avtomobildə olan Peşəkar Futbol Liqasının əməkdaşları – Elxan Səmədov, Aslan Şahgəldiyev, Zaur Hacıməhərrəmov, Elgiz Abbasov və Rasim Qafarlı müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda qurumun prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyevin durumu orta-ağır qiymətləndirilir.
Hadisə baş verən gün “Bona Dea” klinikasında izdiham yaşanırdı. Xəsarət alanların ailə üzvləri, doğmaları və futbol ictimaiyyəti xəstəxanaya axın etmişdi.
Ziyarətçilərin arasında “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırovu da görmək olardı. Yaralıların durumu ilə yerində maraqlanmaq üçün “Bona Dea”nın yolunu tutan 39 yaşlı çalışdırıcı bununla kifayətlənməyib.
O, şəxsi “feysbuk” səhifəsinin üz qabığından öz şəklini silərək Elxan Səmədovla Aslan Şahgəldiyevin birgə fotosunu yerləşdirib.
Premyer Liqa klubunun baş məşqçisi bu addımı ilə həm alqış qazanıb, həm də az qala hər gün üz-üzə gəldiyi insanlara sözün həqiqi mənasında sevgisini göstərib.
HƏBİB / SPORTİNFO.AZ

