Nəhayət, aradan beş tur keçdi və «Araz-Naxçıvan» tədirgin olduğu dönəmi adladı.
Qəbələ gəldi və bunun «Sabah»la qarşılaşmada rəsmiləşməsi Azər Bağırovu «ip»dən aldı.
Hər sabah günü istefaya gedəcəyi, yaxud göndəriləcəyi haqda şayiələrlə açırdıq. Dünənki qalibiyyət, yəqin ki, bu söz-söhbətləri bir xeyli səngidəcək, dəyirman daşının ağzını fərqli istiqamətə çevirəcək.
Şeytan öz işini görməsə, o, qışı da «Araz»da görəcək və yazın əvvəlinədək görəvinin başında qalacaq.
Sakitliyin təmin olunması mənasında «Sabah» üzərində inamlı qələbə yağlı və isti fətirə qaymaq sürtdü. Belə lazım idi.
«Araz» yanağından qan daman rəqibinə ilk dəqiqələrdən göz açdırmadı. Qolun gələcəyini erkən duyurdular.
Əvvəl-əvvəl qaçırdıqları qol epizodlarına görə təzyiqi aşağı salmadılar, davam etdirdilər, gedişat da müsbət nəticəyə «çox uzaqda deyiləm, yaxınlaşıram» mesajı verdi.
Turan Manafovun qolu… O nə qol idi, bir izləsəniz.
Binəva Yusif İmanov yerində donub qaldı, «hıqq…» da eləyə bilmədi, bir də gözünü açıb gördü ki, top qapıdadır.
Manafovu yenidən futbola qazandıran Bağırova əhsən! İkinci nəsil gənclərə yön verməkdə bilicidir.
KAMİL

