“Onsuz da biz rəqibin adından asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq.
“Zirə”ylə oyunda da hədəfimiz qəbələ idi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram deyib.
Şənbə günü Zirə İdman Kompleksinin meydanında baş tutan qarşılaşmada hər iki komanda qələbəyə yaxın olsa da, rəqib qapısının torunu silkələyən futbolçu tapılmadı.
Nəticədə komandalar meydanı hərəyə 1 xalla tərk etdi.
Moldova millisinin də şərəfini qoruyan kiper qol imkanlarının boşa verilməsindən və qələbə qazanılmamasından təəssüfləndiyini bildirib:
“Pis oynamadığımızı düşünürəm. Xüsusən ilk hissədə əlverişli imkanlarımız var idi.
İkinci yarıda həm rəqibin, həm də bizim oyun planımızda müəyyən dəyişikliklər oldu. Adətən bu cür oyunlar üçün ədalətli nəticənin bərabərlik olduğunu düşünürlər.
Ancaq mən qələbə qazanmalı olduğumuzu deyirəm. Qalib gəlsəydik, turnir cədvəlindəki vəziyyətimiz də nisbətən yaxşı olacaqdı”.
Kristian Avram cari mövsümdə “Araz-Naxçıvan”ın heyətində şans qazandığı 15 oyunda qapısından 13 top buraxıb.
HƏBİB

