O qədər problem var ki... Azərbaycanlı baş məşqçinin iradəsi!

13 Dekabr 2023 11:40 Araz-Naxçıvan 944
O qədər problem var ki... Azərbaycanlı baş məşqçinin iradəsi!

Azər Bağırov yaxşı məşqçi olması ilə bərabər, həm də böyük iradə sahibidir.

Yaxşı məşqçi olmasını illərdi görürük. Region Liqadan Birinci Dəstəyə kimi işlədiyi yerlərdə nəticəsi göz qabağında olub.

Potensialı yüksək qiymətləndirilməyən kollektivlərlə çempionluqlar yaşayıb.

Bu gün onun yeni əsəri "Araz Naxçıvan"dır.

O, bu komandanı Birinci Liqanın qalibi edərək yüksək liqada baş məşqçi kimi çalışmaq şansı əldə edib.

Elə əlinə düşən ilk fürsətdəcə şansını yaxşı dəyərləndirməyi bacarır.

Muxtar Respublika təmsilçisi mövsümün əvvəli hamının 3 xal gözü ilə baxdığı komanda idi.

Ehtimal etmək olardı ki, kollektiv ən yaxşı halda liqada qalmaq uğurunda mübarizə aparacaq.

Amma bu gün qış fasiləsinə 2 tur qalmış onun rəhbərlik etdiyi klub 23 xalla 4-6-cı pillələri bölüşdürür. İkinci pillədən isə komandanı cəmi 6 xal ayırır.

Söhbət təkcə nəticələrdə deyil, həm də göstərilən oyun gözoxşayır. Bunda, təbii ki, baş məşqçinin böyük əməyi var.

Bu, Bağırovun məşqçi işinin görünən tərəfidir.

Bir də iradəsinə baxaq...

Komanda çempionluğa iddialı komandaları məğlub edir, amma futbolçular haqq etdiyi mükafatları ala bilmirlər.

Qış fasiləsində ölkə xaricində toplanış keçmək istəyinə mənfi reaksiya verilib.

Ən pisi isə artıq indidən (Hətta mövsümün startından) Bağırovun gedəcəyi halda onu kimin əvəzləyəcəyi böyük ölçüdə məlumdur.

Klub doğma meydan üzünə həsrətdir.

Qısası, ortaya qoyduğu işə rəğmən rəsmilərdən layiq olduğu qiyməti almır, dəstəyi görmür.

Sadalananlardan başqa irili-xırdalı o qədər problemlər var ki...

Amma Azər müəllimin hələ də ağlaşma qurmasını görməmişəm.

Belə şərtlər altında "qara zolaq" çoxdan qapıda olmalıydı.

Amma futbolçular meydana çıxıb "Qarabağ"ı udur, "Neftçi", "Zirə" kimi komandalara məğlub olmur, "Səbail"lə qələbəni son dəqiqələrdə əldən verir.

Bunun adı iradədir.

Bağırovun iradəsi.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti