Premyer Liqaya fırtına kimi başlayan «Araz-Naxçıvan» hazırda uğursuzluq zolağındadır.
Beş turdur qazana bilmirlər. İki məğlubiyyətin ardınca üç heç-heçə avrokuboklara vəsiqə arzusunda olan region komandasının işini bir qədər çətinə salıb.
O güc «Araz-Naxçıvan»da var, bunu da cari «futbol ili»nin ilk yarısında göstərblər. Gec-tez düşdükləri vəziyyətdən çıxacaqlar. Ovaxtadək Azər Bağırov burada qalacaq, ya yox, bilmirik.
Gedişat deyir ki, adını çəkdiyimiz baş məşqçinin mövqeyi bir neçə həftə öncədəki kimi möhkəm deyil, postu laxlayıb.
Onunla «salam-kalam» edənlərin demək olar hamısı bir ağızdan deyir ki, Bağırov yol üstündədir, ilk fürsətdə iş yerini dəyişəcək.
Hara gedəcəyini söyləmirlər. Söylənilən budur ki, Azər bəy daha özünü «Araz»da rahat hiss etmir, sıxılır.
Kimin, yaxud kimlərin onu sıxması barədə şayiələr çoxdur. Hər deyilənə inanmayaq, gördüklərimizi dilə gətirək.
Məsələn, deyək ki, futbolçular 1 ay qabaqkı həvəs və istəklə mübarizə aparmır.
Məsələn, deyək ki, qol epizodlarını «uf» demədən boşa verirlər.
Məsələn, deyək ki, legionerlərlə yerlilər arasında balans itib, qruplaşmaların yaranmasına dair şübhələr artıb.
Bu qədər problemin içində «Zirə» ilə qarşılaşmadan 1 xalla ayrıldılar. Oyunun ssenarisina əsaslanıb, bu 1 xalın göydəndüşmə olmasını qeyd etməliyik. Ana(ları) namaz üstəymiş.
ELXAN

