
“Çətin qrupa düşmüşük.
Rəqiblərimizin adı və heyətlərindəki futbolçuların hansı klublarda oynaması hər şeyi deyir”.
Bu sözləri Azərbaycanın U-21 millisinin və “Araz-Naxçıvan”ın üzvü Abdulla Rzayev Sportinfo.az-a açıqlamasında Samir Əliyevin rəhbərlik etdiyi kollektivin AÇ-2025-in seçmə mərhələsindəki şansları haqda danışarkən deyib.
Yığmamız İngiltərə, Ukrayna, Serbiya, Şimali İrlandiya və Lüksemburqla yer aldığı eyni qrupda 4 oyunda cəmi 1 qələbə qazanıb.
Serbiya, Şimali İrlandiya və Ukraynaya uduzan U-21 Bakıda Lüksemburqu üstələyib. Görünən budur ki, seçmə mərhələ bizimkilər üçün çətin keçəcək.
Abdulla rəqiblər haqda ağızdolusu danışmaqla yanaşı, millimizin əsas problemindən söz açıb:
“İngiltərə ilə Ukraynanın gücündən danışmaq artıq olar. İngiltərə futbolunun səviyyəsi dünyaya bəllidir.
Ukrayna isə britaniyalıları məğlub etməyi bacarıb. Serbiya da uzun illərdir futbolçu yetişdirməklə ad çıxarıb.
Futbolçuları gənc yaşlarından aparıcı futbol ölkələrinə yollanır.
Lüksemburqun heyətində bizə qarşı oynayan futbolçular Almaniya, Fransa, Niderland, Belçika kimi ölkələrdə legioner həyatı yaşayır. Buna baxmayaraq, onları məğlub etməyi bacardıq.
Çalışacağıq ki, ölkəmizi ən layiqli şəkildə təmsil edək. Futbolçuları da qınamaq olmur. Rəqib oyunçular aparıcı liqalarda top qovur, bizimkilərin əksəriyyəti Birinci Liqa ilə Əvəzedicilər Liqasının üzvləridir.
Premyer Liqa təcrübəsi olan futbolçularımızın sayı çox azdır, 4-5 nəfərik. Mən, Nəriman Axundzadə, Rüfət Əhmədov, Veysəl Rzayev, Samir Abdullayev. Fərid Yusifli idi, o da son vaxtlar “Neftçi”nin əsas komandasında oynamır.
Belə olduğu halda həm milliyə çətin olur, həm də baş məşqçi üçün.
U-21-də istedadlı uşaqlar var. Sizi inandırım, Premyer Liqa klubları onlara şans versələr, bundan ancaq fayda görərlər.
Gənclər elitada təcrübə topladıqca, yığma da uğurlu çıxış edər. “Divizion”da oynamaqla İngiltərənin qarşısına çıxmaq çox çətindir”.
4 oyundan sonra aktivində 3 xal olan gəncləri martda ağır sınaq gözləyir. Əliyevin rəhbərlik etdiyi kollektiv martın 22-də İngiltərəni, 4 gün sonra Ukraynanı qəbul edəcək.
HƏBİB