“Neftçi” fanatları onu niyə təhqir edirdi?:  “Artıq hərəkət etməmişəm”

28 Noyabr 2023 20:40 Araz-Naxçıvan 836
“Neftçi” fanatları onu niyə təhqir edirdi?:  “Artıq hərəkət etməmişəm”

“Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev Sportinfo.az-ın suallarını cavablandırıb.

27 yaşlı hücumçu “Neftçi”ilə heç-heçə başa çatan oyundan sonra suallarımızı cavablandırıb.

- Oyundan əvvəl kimsə “Neftçi”dən 1 xal alacağınızı desəydi, reaksiyan necə olardı?

- Son iki həftədə gərgin məşqlərimiz olmuşdu və məşqçilər heyəti bizə lazım olan tapşırıqları vermişdi. Önəmli olan həmin tapşırıqları yerinə yetirmək idi. Özümdən götürürəm, mənə nə deyilmişdisə, bacardığımı etməyə çalışdım. Hücumda pressinq etməklə qapıya bacardıqca çox zərbə vurmalıydım ki, sonda istəyimə çatdım.

- Ehtiyatda qalmağın oyunu izləyənlərdə sual doğurmuşdu. Bu, nə ilə bağlı idi?

- Məndən asılı deyildi. Bu sualın cavabını baş məşqçi daha yaxşı bilir. Yəqin ki, hansısa taktiki gedişlə bağlı idi. Mənə nə vaxt şans verilirsə, əlimdən gələni edirəm.

- Azər Bağırovla münasibətin necədir?

- Çox yaxşıdır. Hansısa problemdən söhbət gedə bilməz. Həm də ki, bu, ehtiyatda qaldığım ilk oyun deyildi. Əvvəlki matçlarda da olmuşdu.

- “Neftçi” kimi komandanın son 15-20 dəqiqədə böyük qüvvə ilə irəli çəkilməsi, futbolçuların vaxt udmağa çalışması səni təəccübləndirirdi?

- Onlar görürdülər ki, biz qol vurmaq üçün tempi artırırıq. Mütəmadi hücumlar edirdik deyə, “Neftçi”də narahatlıq var idi. Düşünürəm ki, arxaya çəkilmələri tempi aşağı salmağa hesablanmışdı. Əlbəttə, bir komandanın vaxt uzatması uduzan komandanın üzvlərinə xoş olmur.

- Futbol Tanrısı “Neftçi”ni cəzalandırdı. Razısan bu fikirlə?

- Bu suala cavab verməyim doğru olmaz. Mənim məqsədim qol vurmaq idi və buna da nail oldum. Ümumi komandanın qarşısındakı minimum hədəf isə meydanı 1 xalla tərk etmək idi.

- Sən qol vurandan sonra “Forza Neftçi”nin üzvlərinin sənin ünvanına təhqiramiz şüarlar səsləndirməsinin səbəbi nə idi?

- Qol vurandan sonra ajiotaj içindəydim, sevinirdim. Açığı, azarkeşlərə tərəf baxmadım heç. Ona görə də nə dediklərini bilmirəm. İstənilən halda azarkeşləri başa düşmək olur. Komandaları son saniyələrdə qapısından top buraxıbsa, məni sevməmələri normaldır.

- Qolu “Neftçi” azarkeşlərinin yer aldığı tribunanın qarşısında qeyd etdin. Bəlkə buna qəzəblənmişdilər?

- Qola sevinə bilərəm. Amma mən orada artıq hərəkət etməmişəm. Etsəydim, başqa məsələ.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 10:00 Ronaldinyo “Survivor”da