
“Araz-Naxçıvan”ın futbolçusu Orxan Əliyev “Neftçi” üçün növbəti dəfə qəbirqazan rolunu oynadı.
Çempionatın birinci dövrəsində komandalar arasında “Dalğa Arena”da baş tutan qarşılaşmada 27 yaşlı hücumçusu matçda vurulan yeganə qolun müəllifi kimi yadda qalmışdı.
Orxan bu dəfə start “11-lik”də deyildi, ehtiyatda qalmışdı.
Baş məşqçi Azər Bağırov komandasının “vuran ayağı”na ikinci hissənin startında şans verdi ki, “10 nömrə” qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə başla baxımlı qola imzasını yazdırdı.
Sən demə, Əliyev qol vuracağını oyundan əvvəl hiss edibmiş.
O, Sportinfo.az-a açıqlamasında maraqlı faktın üstünü açıb:
“Bu gün Analar Günüdür (Rusiya). Səhər yuxudan duran kimi anam zəng vurmuşdu.
Bir az danışdıq və mənə dedi ki, bu gün səndən özümə hədiyyə gözləyirəm.
Dedim, anam, xahiş edirəm, heç nə demə, oturub oyuna baxarsan. Allaha şükürlər olsun ki, qol vurdum və bu qolu bayram günündə anama hədiyyə etdim.
Açıq deyim ki, qol vuracağıma hardasa inanırdım və bunun üçün çox çalışdım”.
Orxan Əliyev cari mövsümdə meydana çıxdığı 13 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
HƏBİB