“Neftçi” və “Qarabağ” üzərindəki qələbələr ağızlara şirə salıb?

23 Noyabr 2023 16:00 Araz-Naxçıvan 1 038
“Neftçi” və “Qarabağ” üzərindəki qələbələr ağızlara şirə salıb?

Cəmiyyət olaraq beləyik.

Bu gün öndə gedəni alqışlayır, şəninə nəğmələr qoşur, sabah ayağı büdrəyən kimi lazımsız damğası vurmağı bacarırıq.

Bəlkə də dünyada bunu məharətlə edə bilən ikinci xalq yoxdur.

Yayda bütün komandalar bir araya gəlib mövsümün planlarını cızanda “Araz-Naxçıvan”dan xəbər-ətər yox idi. Nə rəhbər bilinirdi, nə büdcədən xəbıər var idi. Gündə bir futbolçunun adı Muxtar Respublika təmsilçisi ilə yanaşı çəkilirdi.

İyulda verilən “başla” göstərişindən sonra baş məşqçi Azər Bağırovla çevrəsindəkilər qollarını çırmalayıb işə başladı. Təxminən 20 gün ərzində yerli və əcnəbi futbolçulardan qurulmuş komanda avqustda mövsümə başladı.

Yadımdadır, əksəriyyət “Araz-Naxçıvan”ı çempionatın ən zəif bəndi gözündə görür, bu siyasət və heyətlə uzağa getməyəcəyini iddia edirdi. “Turan Tovuz”a yenilgi ümidsizləri bir az da ümidləndirdi.

“Qəbələ” üzərindəki qalibiyyətin üzərinə “Neftçi”, ardınca “Qarabağ”la matçlardakı zəfərlər gəlincə, ictimaiyyətin fikri dəyişdi və “Araz-Naxçıvan” çempionatın şən futbol oynayan sürpriz komandası imicini qazandı.

İndi çərxi fələk tərsinə dövran edir. Naxçıvanlıların “Sumqayıt”la “Kəpəz”ə uduzması insanlarda müəyyən fikirlər formalaşdırıb.

Ki, klub rəhbərliyi məğlubiyyətləri həzm edə bilmir, “Araz-Naxçıvan” mövcud durumdan çıxa bilməyəcək, bu həftəsonu “Neftçi”yə mümkün məğlubiyyət Azər Bağırova baha başa gələcək və s. və i.

Bu komanda 13 turdan sonra topladığı 20 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşmaqla, bu göstəricidə büdcədə özündən öndə olan “Neftçi”, “Sabah” və “Turan Tovuz”u qabaqlayır.

Bu komandada milli komanda səviyyəsində azərbaycanlı futbolçu(lar) yoxdur.

Əsas heyətdəki yerlilərdən Vadim Abdullayevlə Orxan Əliyev ötən mövsüm “divizion”da top qovub, Turan Manafov “Səbail”də forma üzünə həsrət idi, Abdulla Rzayev Premyer Liqanın nə olduğunu bu ildən hiss etməyə başlayıb, Tural Bayramlı 2 ilə yaxındır futbolsuz idi.

Bu komandadakı legionerlərin böyük əksəriyyəti orta səviyyəli əcnəbilərdir. Yayda başqa klublara təklif edən olsaydı, çoxu arxa çevirərdi.

Bu komanda azarkeş dəstəyindən məhrumdur. Naxçıvandan uzaq düşüb, “Dalğa Arena”da 100 nəfərin qarşısında oynayır.

Ortada bu cür faktlar varsa, “Araz-Naxçıvan”a bəslənən böyük ümidlər haradan qaynaqlanır? “Neftçi” və “Qarabağ” üzərindəki qələbələr ağızlara şirə salıb? Bəs, reallıq hissi hanı?

Yerli məşqçi və futbolçu sarıdan korluq çəkdiyimiz vaxtda rəhbərliyin, eləcə də narazı fanatların “Araz-Naxçıvan”a fərqli münasibət bəsləməsi ədalət prinsiplərinə ziddir. Bu komanda yaxşı mənada səs-küy yaratmağı bacarmışdısa, demək ki, potensial var.

Sadəcə, dəstək verib, problemləri aşkarlayıb, onların həllinə çalışmaq lazımdır. Klub rəhbərliyi dünəni unutmamaq şərti ilə yayda bu komandanı quran Azər Bağırovla köməkçilərini, geridə qalan 13 turda meydanda can qoyan futbolçuları qorumağı bacarmalıdır.

Dağıtmağa nə var ki?!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti