Baş məşqçiyə barmaq silkələdilər - Elə bilirsən ki, əvvəlki oyunları sən udmusan?

17 Noyabr 2023 14:00 Araz-Naxçıvan 2 283
Baş məşqçiyə barmaq silkələdilər - Elə bilirsən ki, əvvəlki oyunları sən udmusan?

«Araz-Naxçıvan» rəhbərliyinin Azər Bağırova münasibəti dəyişib.

Premyer Liqanın son iki turunda qeydə alınan məğlubiyyət buna səbəb olub.

Rəsmilərin baş məşqçi ilə görüşü sakit minvalda keçməyib. Komandanın «Sumqayıt» və «Kəpəz»ə yenilməsinə görə çalışdırcı danlanıb.

Ona «elə bilirsən ki, əvvəlki oyunları sən udmusan?» deyilib. Bağırovun diqqətinə çatdırılıb ki, klub kifayət qədər maliyyə vəsaiti xərcləyib, bahalı transfer siyasəti həyata keçirib, böyük miqdarda mükafat ayrılıb.

Gənc sükançı mövcud vəziyyəti düzəltməyə çalışacaqlarını söyləyib. O, «qara zolağ»a düşdüklərini, bütün komandaların bu halla üzləşə biləcəyini vurğulayıb.

Bəli, klub daxilində gərginlik artıq özünün pik həddinə çatmaqdadır.

Mükafat üstündə başlayan narazılıq rəsmilərin üzünü döndərib. Onlar axır həftələrdə zəif təsir bağışlayan futbolçuların ünvanına qeyri-etik ifadələr işlədiblər.

Özü də məşqçilərin qulağı eşidə-eşidə. Çox maraqlıdır ki, buna reaksiya verməyiblər.

Kollektivdaxili ab-hava Premyer Liqanın 11-ci turunda «Qarabağ» üzərində qələbədən sonra korlanmağa başlayıb. Nə qədər qəribə görünsə belə!

Belə ki, bölgə təmsilçisinin futbolçuları 2:1-lik qalibiyyətə görə onlara ödənilən mükafatın məbləğini yetərli saymayıb.

«Köhlən atlılar»ı udmağın qarşılığında aldıqları 1800 manata qane olmayan oyunçular Azər Bağırovun «zəhləsini töküb». Baş məşqçi də öz növbəsində klub funksionerləri ilə bu haqda danışıb.

Söhbət sakit məcrada keçməyib. Və bütün bunlar yenə komanda üzvlərinin qulağına çatıb və ümumi əhval-ruhiyyəni korlayıb.

Bu, artıq üçüncü belə hadisədir. 10-cu turda «Qəbələ» üzərində əldə olunan 4:1 hesablı səfər qələbəsinə 30 min manat mükafat ayrılıb.
Məbləğ baş məşqçi Azər Bağırovu qane etməyib.

Futbolçuların növbəti dəfə narazılıq bildirəcəyini anlayan çalışdırıcı göstərilən vəsaiti kollektiv arasında bölüşdürməkdən imtina edib. Rəsmilər onun təkidi ilə mükafatın miqdarını daha 5000 manat artırıb.

Azər Bağırov bundan öncə də gözlənilməz addım atıb. Muxtar Respublika təmsilçisinin sükançısı mükafat almaqdan boyun qaçırıb.

O. futbolçuların narazılığına görə belə eləyib. Məsələ ondadır ki, klub rəhbərliyi Premyer Liqanın 9-cu turunda «Sabah»la səfər görüşündə 1:1 hesablı nəticəyə imza atan komandaya çox cüzi mükafat verib.

Masazırdan qələbəyə bərabər 1 xalla dönən oyunçuların hər birinə cəmi 400 manat ödənilib. Bu da onlarda haqlı narazılıq yaradıb.

Şikayətlərin artmasını görən A,Bağırov özünə, köməkçilərinə və texniki personala çatacaq məbləği kəsib, onu da futbolçular arasında bölüb, beləcə, rəqəmi 600 manata çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti