"Bu şansın mənə də düşəcəyini bilirdim" - Azərbaycan millisinə ilk dəfə dəvət alan

15 Noyabr 2023 08:20 Araz-Naxçıvan 1 503
"Bu şansın mənə də düşəcəyini bilirdim" - Azərbaycan millisinə ilk dəfə dəvət alan

"Bu vaxta qismət imiş, amma dəvətin olacağını gözləyirdim, çünki bu şansın mənə də düşəcəyini bilirdim".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında ilk dəfə Azərbaycan millisinə cəlb edilən "Araz-Naxçıvan"ın futbolçusu Turan Manafov deyib.

İsveç və Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçları üçün yığmaya cəlb edilən 25 yaşlı müdafiəçi bunun davamlı olmasına çalışacağını bildirib:

"Millinin formasını geyinmək şərəfdir. Bunun üçün şadıq. Hər oyunçu yığmada çıxış etmək istəyir. Komandanın daimi üzvü olmaq üçün əlimdən gələni edəcəyəm".

Manafov "Səbail"də çıxış etdiyi dönəmdə də dəvət gözlədiyini söyləyib:

"Amma həmin vaxt çağırılmamışdım. Çempionatda 28 tur meydanda olanda dedilər ki, səni izləyirlər, onların diqqətində və nəzərindəsən. Bunun davamlı olması da öz əlimdədir".

Cinah müdafiəçisi qarşıdakı iki görüşlə bağlı fikirlərini bölüşüb:

"Hər iki komanda çətin rəqibdir. Belçika qrup lideridir. İsveç yığması isə qrupdan çıxmaq istəyirdi.

Onlar bizimlə qarşılaşmalarda favoritdirlər. Keyfiyyətli, dünya səviyyəli futbolçuları var.

Kağız üzərində favoritdirlər, amma futbol meydanda oynanılır. Komandaya inanıram.

Hər iki matçda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq, vuruşacağıq və buna nail olacağıq. Meydana çıxıb-çıxmamağım isə məşqçilərin verəcəyi qərardır".

Noyabrın 16-da İsveçi qəbul edəcək Azərbaycan millisi bundan 3 gün sonra Belçikanın qonağı olacaq.

Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Hesabında 7 xal olan İsveç üçüncüdür. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti