
“Araz Naxçıvan” mövsümdə ilk dəfə ardıcıl ikinci matçda məğlub oldu.
Ötən tur “Sumqayıt”a uduzan (0:2) Muxtar Respublika təmsilçisi bu dəfə turnir cədvəlinin zirzəmisində qərarlaşan “Kəpəz”ə məğlub oldu – 0:1.
“Sumqayıt”a məğlubiyyət hardasa başadüşülən idi. Samir Abasovun kollektivi yüksəlişdədir. Son turlar çox inamlı çıxış edirlər.
Həm də bütün oyunlarda qələbə qazanmaq olmaz ki...
Lakin “Kəpəz”ə məğlubiyyət ciddi silkələnmə rolunu oynaya bilər.
Unutmayaq ki, bölgə klubu 11 turdu qələbə nə olduğunu bilmirdi.
Mərdəkana “Qarabağ”a 1:7 uduzaraq və baş məşqçisiz gəlmişdilər.
Bir sözlə, çökmüş, dağılmış bir komanda “Araz”ın önünə çıxmışdı.
Amma Azər Bağırovun yetirmələri qələbə üçün yaranmış bu qədər yaxşı fürsəti əllərindən qaçırdı.
Ardıcılı məğlubiyyətlər bir kənara, oynanılan futbol da ürəkaçan deyil.
Əvvəlki turlarda alışdığımız rəngarəng, mübariz “Araz”ı iki turdu görmürük.
Açığı, ən uğurlu oyunlar seriyasında belə Naxçıvan təmsilçisinin gec-tez tükənəcəyi ehtimal edilirdi.
Axı yayda qısa müddətdə yığılan, toplanış keçməyən bir kollektiv çox uzağa gedə bilməz.
Azər Bağırov çox bacarıqlı mütəxəssisdir. Ancaq onun da əlində sehirli çubuq yoxdur. Minimum imkanlarla maksimum nəticələr bir yerə qədər qazanıla bilər. "Araz" isə limiti çoxdan keçib.
Düşünürəm ki, bugünkü uğursuz gedişatda son günlər klub ətrafında gəzən söz-söhbətlərin də rolu az deyil.
Görünür, qışa kimi toparlanmaq, yenidən qələbələr qazanmaq elə də asan olmayacaq.
Təhlükə qapıdadır, xal itkiləri bu tempdə davam edə bilər.
Bir sözlə, mövsümün surpriz komandası üçün ağır günlərin indi start götürdüyünü deməliyik.
Çətin dönəm minimum itki ilə başa vurulsa, yəqin ki, qış fasiləsində Bağırov lazım olan müdaxiləni edə biləcək.
Təbii ki, rəhbərlik dəstək olsa...
XANOĞLAN İMANOV