«Araz-Naxçıvan» dövrələrarası fasiləni ölkə xaricində keçirəcək.
Bu barədə Sportinfo.az-a Muxtar Respublika təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov məlumat verib.
Funksioner bildirib ki, komanda gələn ilin yanvarında Türkiyəyə yollanacaq:
«Baş məşqçimiz Azər Bağırovun hazırlıq planı ilə tanışıq. Yayda komanda gec yığıldığından, normal toplanış keçə bilmədik, lazımı sayda yoxlama oyunları olmadı.
Bu dəfə Antalyaya gedəcəyik. Azər müəllim bu səfərin yanvarın 3-4-ü aralığında başlamasını istəyib.
Hardasa 11-12 gün orada qalacağıq. Həmin müddətdə 3 yoxlama oyunu keçirəcəyik.
Hələlik sparrinqləri müəyyənləşdirməmişik. Klub rəhbərliyi çalışır ki, futbolçulara bundan da yaxşı şərait yaratsın.
Biz də bütün işlərimizi yüksək səviyyədə qurmuşuq ki, məşqçilər və futbolçularımız ən xırda problemlə də qarşılaşmasın».

