«Araz-Naxçıvan»ın Premyer Liqanın 12-ci turunda «Sumqayıt»a 0:2 hesablı məğlubiyyətinin əsas səbəbi bilinib.
Məlum olub ki, səfər oyunundan öncə düşərgədə ciddi narazılıq baş qaldırıb.
Belə ki, bölgə təmsilçisinin futbolçuları ötən tur «Qarabağ» üzərində 2:1-lik qələbəyə görə onlara ödənilən mükafatın məbləğini yetərli saymayıb.
«Köhlən atlılar»ı udmağın qarşılığında aldıqları 1800 manata qane olmayan oyunçular Azər Bağırovun «zəhləsini töküb». Baş məşqçi də öz növbəsində klub funksionerləri ilə bu haqda danışıb.
Söhbət sakit məcrada keçməyib. Və bütün bunlar yenə komanda üzvlərinin qulağına çatıb və ümumi əhval-ruhiyyəni korlayıb.
Bu, artıq üçüncü belə hadisədir. 10-cu turda «Qəbələ» üzərində əldə olunan 4:1 hesablı səfər qələbəsinə 30 min manat mükafat ayrılıb.
Məbləğ baş məşqçi Azər Bağırovu qane etməyib.
Futbolçuların növbəti dəfə narazılıq bildirəcəyini anlayan çalışdırıcı göstərilən vəsaiti kollektiv arasında bölüşdürməkdən imtina edib. Rəsmilər onun təkidi ilə mükafatın miqdarını daha 5000 manat artırıb.
Azər Bağırov bundan öncə də gözlənilməz addım atıb. Muxtar Respublika təmsilçisinin sükançısı mükafat almaqdan boyun qaçırıb.
O. futbolçuların narazılığına görə belə eləyib. Məsələ ondadır ki, klub rəhbərliyi Premyer Liqanın 9-cu turunda «Sabah»la səfər görüşündə 1:1 hesablı nəticəyə imza atan komandaya çox cüzi mükafat verib.
Masazırdan qələbəyə bərabər 1 xalla dönən oyunçuların hər birinə cəmi 400 manat ödənilib. Bu da onlarda haqlı narazılıq yaradıb.
Şikayətlərin artmasını görən A,Bağırov özünə, köməkçilərinə və texniki personala çatacaq məbləği kəsib, onu da futbolçular arasında bölüb, beləcə, rəqəmi 600 manata çatdırıb.
SPORTİNFO.AZ

