«Baş məşqçi artıq bizi növbəti planları ilə tanış edib».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın icraçı direktoru Eldəniz Yusifov deyib.
Klub rəsmisi Azər Bağırovun dövrələrarası fasiləyə aid raport hazırladığını bildirib. Təcrübəli funksioner yeni transfer çalışmalarının da bura daxil olduğunu söyləyib:
«Baş məşqçi minimum 1 legionerin alınmasını istəyir. Ola bilsin, bu rəqəm ikiyə çatdı.
Vəziyyətə baxacağıq. Gedişatdan çox şey asılıdır.
Çünki qış fasiləsinin gəlməsinə hələ qalıb. Azər müəllimin beynində müəyyən variantlar var.
Hər şeyə hazır olmalıyıq. İndi komandamızda çıxış edən bütün futbolçulardan razıyıq.
Nəticələr özlüyündə hər şeyi deyir. Turnir cədvəlinin liderlər qrupunda yer alırıqsa, deməli, futbolçular baş məşqçinin etimadını doğrultmağa çalışır.
Bəlkə qış fasiləsinə kimi heç bir axsama olmadı, onda yeni futbolçu gətirməyə də lüzum qalmayacaq».

