Cari mövsümün sürpriz komandası “Araz-Naxçıvan” təəccübləndirməkdə davam edir.
Premyer Liqanın debütantı hesabat turunda “Qarabağ”ı məğlub etməklə xalların sayını 20-yə çatdırdı və hazırda turnir cədvəlində son çempionla birlikdə 2-3-cü yerləri bölüşdürür.
Muxtar Respublika təmsilçisinin uğurlu çıxışı futbol ictimaiyyətinin əksər adamlarında sual yaradıb.
“Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazansa, yayda ölkəmizi beynəlxalq arenalarda təmsil etmək hüququna sahib olacaq?
İnsanlardakı narahatlıq illər öncə “Zirə”nin başına gələnlərdir. “Qartallar” Premyer Liqadakı debüt mövsümündə Avropa Liqasına vəsiqəni təmin etsə də, avrokuboklarda oynaya bilməmişdi.
Odur ki, “Araz-Naxçıvan”ın elitanın debütantı olması çoxlarında avrokubok şübhəsi yaradıb.
Burada söhbət komandanın Premyer Liqada ilk ilini keçirib-keçirməməsindən getmir.
Qaydalara əsasən, avrokuboklarda iştirak etmək istəyən və bu hüquqa malik olan klubun yaranma tarixindən azı 3 il keçməsidir. Əvvəlki illərdə Premyer Liqada mübarizə aparıb, yoxsa Birinci Divizionda – fərq etmir.
“Araz-Naxçıvan”ın yaranma tarixini və yarışlarda iştirak təcrübəsini nəzərə alsaq, bu baxımdan problemin olmadığını deyə bilərik.
Azər Bağırovun rəhbərlik etdiyi kollektiv avrokubok zonasına düşə bilsə, yayda ölkəmizi Avropada təmsil edə biləcək.
HƏBİB / SPORTİNFO.AZ

