«Komandanın çıxışı rəhbərliyimizi tam qane edir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın icraçı direktoru Eldəniz Yusifov deyib.
Muxtar Respublika təmsilçisi 11 turdan sonra Premyer Liqanın liderlər qrupunda yer alıb. 20 xal toplayan kollektiv «Qarabağ»la birgə 2-3-cü yerləri bölüşdürür.
Müsahib bildirib ki, məşqçilər korpusu onlara bəslənilən ümidləri doğruldur:
«Azər Bağırov kimi məşqçimiz olduğu üçün sevinirik. O, bizim üçün tapıntıdır.
Azər müəllim uzun illər öncə «Pro» kateqoriyası alsa da, baş məşqçi kimi ilk dəfə Premyer Liqada işləyir. Klubumuzun rəhbərliyi ona inandı və bu imkanı yaratdı.
O da bu şansdan düzgün istifadə etdi və bu gün komandamız çempionatın liderlərindən biridir.
Hələ yayda, mövsümqabağı verdiyim açıqlamada bildirmişdim ki, hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Üçüncü yerdəyik və belə getsə, avrokuboklara birbaşa vəsiqə qazanacağıq.
Komandamızın qarşıdakı turları da yüksək səviyyədə keçirəcəyinə də şübhə etmirik. Oyunumuz iddiamızla üst-üstə düşür.
Hər qələbə futbolçuların özünəinamı daha da artırır. Rəhbərlik də öz növbəsində onlara yüksək səviyyədə dəstək verir.
Məşqçilərlə rəhbərlik arasında münasibətlər peşəkarlıq üzərində qurulub. Bilirsiz, kollektiv daxilində mehribanlıq olanda bütün işlər qaydasında gedir.
Çox sevinirik ki, «Araz-Naxçıvan»da ailə mühiti formalaşıb. Komandamızın uğurlu nəticələrə imza atmasında bu faktorun da əhəmiyyti böyükdür».

