“Qarabağ”a qarşı oynayırsansa, 1 dəqiqə də dayanmamalısan"

3 Noyabr 2023 16:40 Araz-Naxçıvan 1 292
“Qarabağ”a qarşı oynayırsansa, 1 dəqiqə də dayanmamalısan"

“Qalib gələcəyimizə inanırdım, amma bu, mənə bir az çətin görünürdü.

Hər şey özümüzdən asılı idi ki, meydanda canımızı qoymaqla istəyimizə çatdıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın hücumçusu Elvis Maşike komandasının “Qarabağ” üzərində 2:1 hesablı qələbəsini şərh edərkən deyib.

Turun ən sensasiyalı qarşılaşmasının ilk yarısı qolsuz bərabərliklə başa çatsa da, Muxtar Respublika təmsilçisi fasilədən sonra 2 qol vurmağı bacardı. Meydana sonradan daxil olan Maşike ikinci qolun müəllifi kimi adını tabloya yazdırdı.

Əksəriyyətin fikrincə, ağdamlıların yenilgisində “Bayer Leverkuzen”lə üç gün əvvəlki səfər oyunu rol oynadı. “Köhlən atlar”ın həm psixoloji, həm də fiziki yorğunluğu naxçıvanlılarla matçda özünü göstərdi.

Konqodan olan 29 yaşlı forvard “Qarabağ”ın avrokubok matçını göz önünə alsa da, qələbənin əsas səbəbi kimi özlərindəki istəyi görür:

“Futbol belədir, 90 dəqiqənin yekununda nə olacağını heç kim bilmir. Ona görə də rəqibin adına önəm vermədən öz gücümüzə qiymət verməyi bacarmalıyıq.

“Qarabağ”a qarşı oynayırsansa, ikiqat güc sərf etməli və 1 dəqiqə də dayanmamalısan. Yalnız bunun sayəsində uğura çatmaq olar.

Razıyam, rəqibdə müəyyən yorğunluq ola bilərdi. Amma “Qarabağ” böyük klubdur, avrokuboklarda zəngin təcrübəyə malikdir.

Həftədə iki dəfə oynamaq onlar üçün adi hal olub. Həmçinin heyətləri genişdir, oyunu gücləndirə biləcək çox sayda futbolçuları var.

Məncə, “Qarabağ” öz oyunu ilə qalib gəlmək istəyini göstərirdi. Sadəcə biz yaxşı müdafiə olunduq və lazım olan qolları vurduq”.

Elvis Maşike cari mövsümdə meydana çıxdığı 10 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti