“Rusiyada ticarətlə məşğul idim, futboldan iyrənmişdim” – Başına gələnləri DANIŞDI

27 Oktyabr 2023 23:00 Araz-Naxçıvan 1 687
“Rusiyada ticarətlə məşğul idim, futboldan iyrənmişdim” – Başına gələnləri DANIŞDI

“Futbola qayıtdığıma görə baş məşqçimiz Azər Bağırova minnətdaram.

Mənə inandı, inam verdi və bu gün komandasındayam, əlimdən gələni edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev uzun fasilədən sonra futbola qayıdışı haqda danışarkən deyib.

“Bakı”nın yetirməsi kimi Premyer Liqada debütünü bu komandada edən, sonradan karyerasını “Simurq”, “Qəbələ”, “Sumqayıt”, “Sabah”da davam etdirən 28 yaşlı yarımmüdafiəçi 2 ildən artıq müddətdən futboldan uzaq düşmüşdü.

Sonuncu dəfə 2019-2020 mövsümündə top dalınca qaçan Abdullayev ötən mövsüm Birinci Liqada mübarizə aparan “Araz-Naxçıvan”ın heyətində görünməklə çoxunun təəccübünə səbəb oldu.

Vadim bu haqda söhbət edərkən maraqlı faktlara toxunub:

“Futbolu atıb Rusiyaya getmişdim. Kastroma şəhərində ticarətlə məşğul olurdum.

Azər müəllim zəng vurub mənimlə danışdı. Dedi, gəl, komandaya kömək et.

Açığı, gəlmək istəmirdim, tərəddüd edirdim. Azər müəllim dirəniş göstərdi, mənimlə mütəmadi danışdı, bir neçə telefon danışığından sonra razılaşdım.

Nə gizlədim, futboldan iyrənmişdim. Futbolda üzləşdiyim hadisələrdən, başıma gələnlərdən sonra soyumuşdum.

Mənə ehtiyac olmayan yerdə kiməsə yalvarmaram, ayağına düşmərəm. Bir gün nə vaxtsa böyük futbolda olacağımı ağlımdan belə keçirmirdim.

Futbol mövzusu mənim üçün bağlanmışdı. Hər nə qədər istəməsəm də, bilirdim ki, Allah nə vaxtsa mənə qapı açacaq. Azər müəllimin sayəsində Tanrı mənə yol açdı”.

Vadim Abdullayev cari mövsümdə “Araz-Naxçıvan”ın heyətində 10 oyunda meydana çıxıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti