Milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Estoniya və Avstriya milliləri ilə qarşılaşmalarına görə yaranmış fasilədən istifadə edən “Araz Naxçıvan” digər yüksək liqa klubu “Turan Tovuz”la sınaq matçı keçirib - 2:2.
Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov Sportinfo.az-a müsahibə verib.
- Yoxlama matçından istədiyiniz ala bildiniz?
- Əlbəttə. Maraqlı oyun alındı. Yoldaşlıq matçında az oynayan oyunçuları sınadıq. Bəzi futbolçuları təzyiq altında yoxladıq. Bəzi nöqsanları gördük. Yüklənmə dönəmi olmasına baxmayaraq uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər.
- Yəqin ki, kollektivdə boşluqlar da yox deyil. Əsasən hansı mövqeləri gücləndirmək istərdiniz?
- Düşündüyümüz zonalar var. Məsələn, ön xətti gücləndirmək istərdik. Amma hələ marafon bitməyib. Bəlkə, qışa qədər bəzi oyunçularımızı özünü daha yaxşı tərəfdən göstərə bildi.
- Uğurlu bir dövrəni arxada qoydunuz. Belə məqamda fasilə yaranması planlarınızı pozmadı?
- Fasilə mütləq şəkildə olmalıdır. Biz də buna alışmalıyıq. Artıq milli komandaya görə ikinci belə fasilədir yaranır. Düşünmürəm ki, bizə mənfi təsir edər.
- Milli komandadan söz düşmüşkən. “Araz”dan heç kimin dəvət olunmaması gözlənilməz olmadı?
- Məşqçi seçimidir. İstərdik ki, bizdən də futbolçu çağırılsın. Bu, hər zaman bizim arzumuz olub. Amma üzülmək yox, daha böyük istəklə davam etmək lazımdır.
- Xüsusilə son zamanlar Abdulla Rzayev oyunu ilə önə çıxır. Məsələn, gənc futbolçunuzu bu gün əsas milli üçün hazır hesab edirsiniz?
- Bəli, Abdulla gənc oyunçudur. Oranın ab-havasın yaşaması üçün dəvət alsa yaxşı olardı. Ondan başqa Turan Manafovun özü olsun. O da Son 9 oyunda stabil çıxış sərgiləyir.
XANOĞLAN İMANOV

