«Araz-Naxçıvan» son vaxtlar çoxlu simpatizan qazanıb.
Dününə kimi onların sayı 1 idisə, bu gün 10-dur, 100-dür, 1000-dir. Və bu sayın get-gedə artması gözlənilir.
Hamı Azər Bağırovdan danışır artıq. Biz onun adını çəkib müdafəsinə qalxanda isə cümlə-cahanın mütləq əksəriyyəti ağzına su alıb yerində oturmuşdu, dinmirdi.
Dinəndə də tezliklə yola salınacağını deyirdi. Kimsənin gümanı yox idi ki, o, «Araz-Naxçıvan»la 15 xal toplayar, yuxarı yerlərə iddia edər.
Baş məşqçini baş məşqçi edən birinci rəhbərlikdir. Ona o güvəni verməsələr, arxasında dağ kimi dayanmasalar, təminatı yüksək səviyyədə etməsələr, orada bir şey əmələ gələn deyil.
Zaur Axundov əlini qoydu daşın altına, sinəsini verdi qabağa, gözünü qırpmadan pulunu xərclədi, ortaya bir «Araz-Naxçıvan» çıxdı.
Muxtar Respublikanın təmsilçisində ucuzvari legioner yoxdur. Səkkiz ildən sonra Premyer Liqaya qayıtmış klub 200 min dollara əcnəbi futbolçu alırsa, demək ki, Azər Bağırovun əli gücləndirilib.
Əsl mübarizə bundan sonra başlayır. Əgər ilk yarıda rəqiblər «Araz-Naxçıvan»ı bir qədər ciddiyə almırdısa, qarşıda tam əks yanaşma olacaq.
Bu amilin özü çox ciddidir. Bir var qarşındakını saymayasan, biri də var onunla hesablaşasan.
«Araz-Naxçıvan» qışadək «vakum»a düşməkdən özünü qorumalıdır.
Eyforiyaya qapılmasalar, bu periodu az itki ilə adlasalar, şübhə etmirəm ki, yeni il öncəsi heyəti daha da gücləndirib, may marafonunu ilk sıralarda başa vuracaqlar.
ELNUR

