“Araz-Naxçıvan” – “Zirə” qarşılaşmasının fasiləsində bir məqam diqqətdən yayınmadı.
Hakim ilk yarının bitdiyini bildirən fitini səsləndirən kimi komandanın məşqçilər heyətində yer alan Əfran İsmayılov Abdulla Rzayevə yaxınlaşıb onunla xeyli söhbət etdi.
Əl-qol hərəkətlərindən İsmayılovun gənc futbolçuya nələrisə başa saldığı, hansısa göstərişlər verdiyi aşkar görünürdü.
Nəticədə Abdulla ikinci yarıda yer aldığı sağ cinahda fəallığı artırıb vurulan yeganə qolun ötürməsini verdi. Rəşad Sadıqov məcbur qalıb həmin cinahda yer alan müdafiəçi Məqsəd İsayevi Fuad Bayramovla əvəzlədi.
Abdulla Sportinfo.az-a açıqlamasında Əfran İsmayılovla aralarındakı ikili söhbətdən söz açıb:
“Əfran müəllim sağ olsun, xətrimi çox istəyir. Özü də vaxtilə sağ cinahda oynadığından, daim məsləhətlərini verir, hansısa mənada dəstək olur.
Fasilədə yaxınlaşıb oyunu üzərimə götürməyi, tempi artırmağı, rəqiblərimi təzyiqdə saxlamağı bildirdi. Dedi, qorxma, özünə güvən və bacardıqca hücuma çox qoşul.
Bildirdi ki, mən deyən kimi etsən, sənin ötürməndən qol vuracağıq. Sağ olsun, özgüvənimi bir az da artırdı.
Fürsətdən istifadə edib mehriban kollektiv yaratdığına görə baş məşqçimiz Azər Bağırova və digər məşqçilərimizə təşəkkür edirəm.
İnkişaf etməyimizdə, təcrübə toplamağımızda onların böyük rolu var. Verdikləri tapşırıqları artıqlaması ilə yerinə yetirməyə çalışıram”.
Gənclər millimizin də şərəfini qoruyan 21 yaşlı “Sabah”a məxsus müdafiəçi Naxçıvan təmsilçisində icarə əsasında çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 7 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB

