COP29

Premyer Liqanın yeni “sərnişin”inin uğurunda imzası olan yerlilər kimlərdir? - SİYAHI

22 Sentyabr 2023 23:00 Araz-Naxçıvan 800
Premyer Liqanın yeni “sərnişin”inin uğurunda imzası olan yerlilər kimlərdir? - SİYAHI

Mövsümün surpriz komandası, şübhəsiz, “Araz Naxçıvan”ı adlandıra bilərik.

Qısa müddətdə bir araya yığılan, ölkə xaricində toplanış keçməyən kollektiv bu gün adından söz etdirməyi bacarır.

Son çempion “Qarabağ” böyük çətinliklə Muxtar Respublika təmsilçisin məğlub edə bildisə, iddialı “Neftçi” onlarla bacarmadı.

5 turdan sonra aktivində 10 xalı olan komanda heç bir matçda zəif tərəf olmayıb.

Çoxumuz belə çıxışı heyətə cəlb edilən sanballı legionerlərlə əsaslandırmağa çalışırıq.

Məsələn, “Neftçi”də daha sanballı əcnəbilər var, amma “Araz”dakı parlaq oyunu görmürük.

Bu, baş məşqçi Azər Bağırovun məşqçi bacarığının əyani təzahürüdür.

Tutaq ki, əcnəbilər normal qiymətə gətirilən səviyyəli futbolçulardı.

Bəs yerlilərə nə söz?

Axı bu komanda yalnız gəlmələrlə meydana çıxmır.

“Ağ qaralar”la sonuncu qarşılaşmada 4 yerli futbolçu meydanda vardı. Həm də bilirsiz hansı yerlilər?

Gəlin, yaxından tanıyaq.

Turan Manafov – Ötən mövsüm “Səbail”də əsas heyət üzvü kimi sezona başlamışdı. Amma 10-cu turda “Turan Tovuz”la səfər matçının (2:2) fasiləsində Mahmud Qurbanov tərəfindən əvəzlənmiş və bir daha əsas heyətə buraxılmamışdı. Qış fasiləsində Mahmudovu əvəzləyən Şahin Diniyev də müdafiəçiyə güvənmirdi. Təcrübəli mütəxəssis mövsümün ikinci yarısı cəmi 4 matçda ona ilk “11-lik”də güvənmişdi. Amma bu gün Turala böyük ümidlər bəsləyən Azər Bağırov arxada qalan 6 turun hamısında 90 dəqiqə onu meydanda saxlayıb.

Vadim Abdullayev – “Bakı”nın yetirməsi bir vaxtlar ölkənin ən istedadlı futbolçularından hesab olunurdu. Amma ölkə futboluna tətbiq olunan limit üzündən gözdən itən gənclərdən biri də gənclər millimizin sabiq üzvü olmuşdu. 28 yaşlı yarımmüdafiəçi son mövsümü birinci divizionda “Araz”da keçirib. Onun yenidən yüksək liqa səviyyəsində oynaya biləcəyi şübhə altındaydı. Lakin arxada qalan 6 turun hamısında meydanda olan Vadim sanki zamanında ona üz çevirənlərə öz cavabını meydandakı oyunu ilə verir.

Orxan Əliyev – 16 yaşında “Sumqayıt”da parlayan istedadlı forvard qısa müddət sonra “Xəzər Lənkəran” kimi iddialı kluba transfer olunmuşdu. Bütün aşağı yaş millilərdə oynamış Orxan inkişafının davamını gətirə bilmədi. “Səbail”, “Zirə” kimi Premyer Liqa klublarında çıxış etsə də gözləniləni vermədi. Son illər bəzən klubsuz qaldı, bəzən də birinci liqada gününü keçirməklə məşğul oldu. O da Vadim kimi ötən mövsümü “Araz”la birinci divizionda keçirmişdi. Aşağı liqada bombardir olan Orxan arxada qalan 6 turda ona güvənən Bağırovun ümidlərini yüksək liqada da artıqlaması ilə doğruldur. Aktivində 3 qol və 1 asisti olan hücumçunun şanssız anları az olsaydı göstəriciləri daha parlaq ola bilərdi.

Tural Bayramlı – İpə-sapa yatmayan futbolçu ötən sezon “Səbail”in əvəzedici komandası ilə əsas komandasının yolunu ölçürdü. Yayda kimsə ona yaxın durmurdu. Son anda Naxçıvan təmsilçisinə keçidi baş tutdu. O da artıq yavaş-yavaş sistemdə özünə yer etməklə məğuldur.

Siyahıya ehtiyatdan qoşulan Bayraməli Qurbanovu da aid edə bilərik. “Səbail-2”dən komandaya cəlb olunun 20 yaşlı vinger 26 dəqiqə meydanda olduğu zaman özünü yaxşı tərədən göstərə bildi. Bu, onun sayca bu mövsüm, elə həm də Premyer Liqa səviyyəsində 3-cü matçı idi. Yəqin ki, qarşıdakı turlar daha çox oynamaq fürsəti qazancaq.

Gördüyünüz kimi, uğurlu çıxışın arxasında yalnız alınan legionerlər dayanmır. Dünənə kimi üzərindən xətt çəkilmiş yerlilərin də bugünkü uğurda böyük əməyi var.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti