
Azər Bağırovdan danışır hamı.
Hara gedirsən, kiminlə söhbət edirsən, bu adı eşidirsən.
Meyxanaçı Baləlinin sözü olmasın, adamı əməlli-başlı trenddədir. «Tiktok»da özünə profil açsa, 1-2 günün içində minlərlə izləyici toplayar, yüz cür hədiyyə qazanar.
Haqq edirmi, edir. Biz başından bəri elə bunu deyirdik də. Deyirdik ki, imkan versələr, işləyəcək.
15 günün içində «Araz-Naxçıvan»dan komanda düzəltmək qiyamət məsələdir.
Nədənsə «Araz-Naxçıvan»ın çıxışı mənə 92-ci ilin Danimarkasını xatırladır. Həmin vaxt Yuqoslaviya dağıldığından, UEFA danimarkalıları onların əvəzinə Avropa çempionatının final mərhələsinə buraxılmışdı.
Dəniz sahilində «günəş vannası» qəbul edən daimarkalı futbolçular ciddi hazırlıq keçmədən yollandıqları çempionatda əsl şou göstərmişdi.
Qitənin nəhənglərini bir-bir «qapazaltı» eləyib, sonda çempionluq kubokunu başları üzərinə qaldırmışdılar. Onda bu oyunçuların bir çoxunu adbaad tanıyan az idi, ciddiyə alınmırdılar.
O Danimarka, bu da «Araz-Naxçıvan». Muxtar Respublika təmsilçisi ona «halva» gözüylə baxanların gözünü tökür.
Simpatik üslubu və mübariz ruhu ilə. Azər Bağırovun ürəkli olmasını da gərək dilə gətirək. Şir balası yeyib, elə bil.
Çəkinmir, əsas heyətdə 5 yerli futbolçu ilə komandanı meydana buraxır. Halbuki Orxan Əliyev, Vadim Abdullayev, Tural Bayramlı və digərlərini dünənə qədər sayan yox idi.
Sən bu hesabdan silinmişlərlə «Neftçi»ni udursansa, deməli, məşqçisən.
KAMİL