
Azərbaycan futbolunda böyük canlanma var.
Bu mövsüm liqaların sayı artdı, bir neçə bölgəyə böyük futbol ayaq açdı.
Təbii ki, bununla bir çox gənc, istedadı pas atmış orta yaşlı futbolçuların yolu açıldı.
Həm də bəzi məşqçilərə yeni fürsətlər, ümidlər yarandı.
Bir sözlə, papaq altda yatan neçə-neçə futbolçu, məşqçi üzə çıxdı.
Məsələn, Azər Bağırov kimi.
"Araz Naxçıvan"nın bu mövsüm adından söz etdirməsinin bir nömrəli qəhrəmanı odur.
Hamının autsayder gözü ilə gördüyü komandanı qısa müddətdə görün hansı səviyyəyə qaldırıb.
Premyer Liqanın digər təmsilçiləri yeni mövsümün planların Türkiyədə quranda, o, Bakı Olimpiya Stadionun ehtiyat meydançasında 10-12 futbolçunun ümidinə qalmışdı.
Əksəriyyəti də birinci liqa səviyyəsində olan oyunçular.
Amma təslim olmadı, özünə güvəndi, əlini daşın altına qoydu.
Haqqında nələr yazılmadı, hansı planlar qurulmadı ki...
Amma ən uğurlu plan onun qurduğu çıxdı.
Nəinki indi, Azər bəy heç vaxt təslim olmayıb.
Region Liqasında işləməyi belə özünə ayıb görməyib.
Əksinə, qısa müddətdə elə bu "Araz"ı finala daşıyıb, potensialını göstərib.
Sadəcə ona inanan, böyük meydan verən yox idi.
Səhnəyə çıxıb öz məharətin göstərsin.
İlk fürsətdəcə böyük problemlər burulğanında belə əlinə düşən şansı maksimum dəyərləndirməyi bacarır.
Söhbət 6 tura qazanılan 10 xalda deyil.
39 yaşlı mütəxəssis çox qısa zamanda yeni kollektivə yaxşı nizam-intizam, bəlli bir sistem gətirib.
Onun komandası yalnız döyüşüb xallar qazanmır, futbol oynayaraq müsbət nəticələr əldə etməyi bacarır.
Bu, uduzduğu matçlarda da qabarıq görünüb.
Sabah necə olacaq bilmirəm, ancaq bu günə kimi olanlar göstərir ki, Bağırov yaxşı məşçidir. Böyük potensialı var.
Qalır ona sahib çıxmaq, qorumaq, daha geniş imkanlar yaratmaq.
Bu da indiki halda düşür Muxtar Respublika təmsilçisinin rəhbərliyinin boynuna.
XANOĞLAN İMANOV