
“Sumqayıt”ın kapitanı Vüqar Mustafayev Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqada ilk turlar arxada qalıb. Nə gözləyirdiniz, nə baş verdi?
- Bilirdik ki, bizim üçün çətin olacaq. Biz də əvvəlki iki oyunda qələbə qazandığımızdan, davamını gətirmək istəyirdik. Ruhdan düşməməli, növbəti oyunlarda da qələbə üçün döyüşməliyik.
- “Araz-naxçıvan”la qarşılaşmada rəqib son 15-20 dəqiqədə təzyiqi artırmışdı, siz isə əsasən müdafiə olunurduz. Həmin anlarda sanki səbrsizliklə matçın başa çatmasını gözləyirdiniz.
- Xeyr, belə deməzdim. Əksinə, biz də qalibiyyəti düşünürdük. Bilirdik ki, rəqib böyük qüvvə ilə üstümüzə gəlir deyə, müdafiədə boşluqlara yol verə bilər. Məqsədimiz onları əks-hücumda tutmaq idi. Gördüyünüz kimi, 1-2 imkanımız da oldu. Sadəcə, son nöqtəni qoya bilmədik.
- Topladığınız 7 xalı “Sumqayıt” üçün yaxşı nəticə hesab edə bilərik. İndidən çempionatın sonunu təsəvvür edə bilirsən?
- Hələ heç nə etməmişik. Çempionat yeni başlayıb, ola bilsin, bəzi komandalar tam formada deyil, ola bilsin, tam oturuşmayıblar. Əsl mübarizə irəlidədir. Həm bizim, həm də digər komandalar üçün. Ötən mövsüm ən pis vəziyyəti, “dib”i görmüşük. Yenidən oraq qayıtmaq, yaşananları təkrarlamaq istəmirik. İstənilən məşqçi və futbolçu mövsümü uğurlu başa vurmaq istəyir. Bu, kuboku qazanmaq da ola bilər, finalda oynamaq da, yaxud avrokuboklara vəsiqə.
- Siz futbolçulardan avrokuboklara vəsiqə istəyən, tələb edən var?
- Hələ ki, konkret heç nə deyilməyib. Amma hamımızın istəyi, arzusu var. Bu dəqiqə hansı klubun futbolçusundan soruşsanız, avrokuboklara vəsiqəni arzuladığını deyəcək. Vəsiqə azdır, istəyənlər çoxdur. Uğurlu qrafiki sona qədər qorumaq lazımdır ki, sonda hədəfə çatmaq mümkün olsun.
HƏBİB