
Hesabat turu “Kəpəz” üçün düşərli olmadı.
Bir həftə əvvəl səfərdə “Qarabağ”la heç-heçə oynayan (1:1) qərb təmsilçisi doğma azarkeşləri önündə “Araz-Naxçıvan”a məğlub oldu – 1:2.
Oyunun qəhrəmanı isə Orxan Əliyev idi. Vaxtilə “Kəpəz”in də formasını geyinmiş “10 nömrə” hər iki qolun müəllifi kimi matçın adamı adını qazandı.
Hücumçu Sportinfo.az-a açıqlamasında oyunla bağlı təəssüratlarını bölüşüb:
“Gəncədə oynamaq istənilən komanda üçün çətindir. Azarkeşlər tribunalarda möhtəşəm atmosfer yaradırlar.
Özüm də vaxtilə burada oynadığım üçün rəqiblərin hansı çətinliklə üzləşdiyini bilirəm. Buna baxmayaraq, xarakter göstərib vacib olan 3 xalı əldə etdik.
Xüsusən oyunun sonları gərgin keçdi. Bilirdik ki, “Kəpəz” hesab arasındakı fərqi azaldandan sonra üstümüzə gələcək.
Rəqib təzyiqi artırıb böyük qüvvə ilə gələndə hər an qol görmək mümkündür. Çətinliklə də olsa qələbə qazandığımıza görə şevinirik.
Çalışıb davamını gətirməliyik. Çempionat yeni başlayıb, qarşıdakı aylarda çox şey baş verə bilər”.
“Araz-Naxçıvan” sentyabrın 16-da “Dalğa Arena”da “Neftçi”ni qəbul edəcək.
Orxan Əliyev 2016-cı ilin yanvarından 2017-ci ilin iyununa qədər formasını geyindiyi “Kəpəz”də meydana çıxdığı 42 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB