
“Bundan öncə də iki dəfə cərimə zərbəsindən qol vurmuşdum, ona görə də məşqçilər heyəti mənə güvənir”.
“Səbail”in futbolçusu Turan Manafov Sportinfo.az-a açıqlamasında komandasının “Araz-Naxçıvan”la görüşündə vurduğu baxımlı qolu şərh edib.
25 yaşlı müdafiəçi oyun ərzində iki dəfə cərimə zərbəsindən fərqlənməyə çalışsa da, hər iki halda vurduğu top qapının üstündən keçdi. Lakin üçüncü həmlədə zərbəsi dəqiq alındı.
Turan “çərçivə”yə düşmədiyi epizodlarda həvəsdən düşmədiyini, qol vuracağına inandığını deyib:
“Özümə inanıram. Məşqçilər də sağ olsunlar, inanırlar.
Məşqlərdə cərimə zərbələrini məşq edirəm və pis də alınmır. İki epizodda zərbələrim alınmasa da, baş məşqçi qol vurduğum anda topa yaxınlaşmağımı istədi.
Bütün cərimə zərbələrinin qol olması mümkün deyil. Bəzən 5 top vurarsan, qapıya daxil olmaz, bəzən 2 top vurarsan, ikisi də qol olar.
Hiss edirdim ki, zərbələrimin biri dəqiq olacaq. Şükürlər olsun ki, vurduğum qol komandama müəyyən mənada kömək etdi”.
“Araz-Naxçıvan” – “Səbail” oyunu 1:1 hesabı ilə başa çatıb. Turan Manafov 73-cü dəqiqədə cərimə zərbəsindən fərqlənməklə turun bəlkə də ən baxımlı qoluna imza atıb.
HƏBİB