
Premyer Liqanın 4-cü turunun açılış matçında “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul etdi.
Maraqlı və gərgin keçən oyunun əvvəlində “kimyaçılar” üstün təsir bağışlasa da, irəliləyən dəqiqələrdə Muxtar Respublika təmsilçisi varlığını göstərməyi bacardı.
Hər iki komandanın cəhdlərinə baxmayaraq, 1:1 hesabının qeydə alındığı qarşılaşmada tərəflər hərəyə 1 xal qazandı.
“Araz-Naxçıvan”ın heyətində meydanda ən yaxşılardan olan, həm də cərimə zərbəsindən baxımlı qola imzasını yazdıran Turan Manafov Sportinfo.az-a açıqlama verib:
“Matçın bizim üçün bu cür alınacağını gözləmirdim. Birinci hissədə düşündüklərimizi edə bilmirdik, epizodlarda gecikirdik.
İlk 45 dəqiqədə sanki “yatmışdıq”, özümüzdə deyildik. Fasilədə baş məşqçi bizimlə söhbət etdi və nə etməli olduğumuzu tapşırdı.
Tapşırıqları yerinə yetirərək üstünlüyü ələ keçirdik. Sadəcə, penalti gözlənilməz oldu.
Hər oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq. Düzü, 4 görüşdən sonra daha çox xal toplayacağımızı düşünürdüm. Sərgilədiyimiz oyunla 7 xal yığmalıydıq”.
Azər Bağırovun çalışdırdığı kollektiv “Qəbələ”ni məğlub edib, “Sumqayıt”la bərabərə qalıb, “Turan Tovuz”la “Qarabağ”a uduzub.
Naxçıvanlılar növbəti turda Gəncədə “Kəpəz”in qonağı olacaq.
HƏBİB