
Azər Bağırovu gözümçıxdıya salanların, ayağının altını qazanların arzuları yavaş-yavaş suya düşür.
Bunu çəkinmədən, tam əminliklə deyirəm.
Premyer Liqada ilk ilini keçirən baş məşqçi olaraq o, «Araz-Naxçıvan»da layiqincə çalışır.
Demişdik axı, qoy bu komanda bir az da keçsin, çoxuna başağrısı verəcək. İki həftəyə yığılmış heyətlə son çempiona qarşı dirəniş göstərməyin özü qəhrəmanlıqdır.
Düzdür, «Araz-Naxçıvan» transfer əməliyyatlarına kifayət qədər vəsait xərcləyib. Düşərgədə aylıq əməkhaqqısı 15-20 min dollar olan legionerlər var.
Premyer Liqanın 4-5 iştirakçısı belə imkanlardan məhrumdur.
Problem ondadır ki, «Araz-Naxçıvan» hamıdan gec yığışıb və hamıdan az hazırlıq keçib, ölkə xaricinə yollanmağa vaxt tapmayıb.
Futbolçular bir gün bir yerdə məşq etməyəndə, axsamalar oyunda özünü büruzə verir.
«Araz-Naxçıvan» debüt mövsümündə avrokubokara vəsiqə qatıla bilməyəcək. Amma orta sıralar uğrunda sonadək vuruşmaq potensialı görünür.
Azər Bağırovun kölgəsini qılınclayan bəzi rəsmilər öz əmməllərindən əl çəksələr, komanda ölkə kubokunda daha uzağa getmək gücündədir.
ELNUR