AFFA Premyer Liqanın bu klubunda araşdırma aparmalıdır - QORXULU MESAJ!

15 Dekabr 21:20 Araşdırma 962
AFFA Premyer Liqanın bu klubunda araşdırma aparmalıdır - QORXULU MESAJ!

AFFA Premyer Liqada və Azərbaycan kubokundakı hakim idarəçiliyi ilə bağlı yeni formatı sınaqdan keçirir.

Bundan sonra komitənin yeni sədri Rəhim Həsənov videogörüntü şəklində hesabat turundakı şübhəli qərarlarla bağlı şərh verəcək, yanlış və doğru qərarları ictimaiyyətin diqqətinə çatdıracaq.

Artıq ilk belə təcrübə baş tutub.

14-cü turda, eləcə də Azərbaycan kubokunun 1/8 final mərhələsində 5 şübhəli qərar müzakirəyə çıxarılıb.

Məlum olub ki, Kamal Umudlu Azərbaycan kubokunun “İmişli” – “Sabah”, Əliyar Ağayev isə 14-cü turun “Sumqayıt” – “İmişli” qarşılaşmasında eyni komandanın – “İmişli”nin xeyrinə 11 metrlik nöqtəni göstərməklə səhvə yol verib.

Əvvəlki dönəm olsaydı, səhvləri hardasa başa düşmək olardı. Hakim epizoddan uzaq olub, vəziyyəti düzgün qiymətləndirməyib, topa əllə toxunuşu səhv görüb – bu və digər səbəblərlə əsaslandırıb “sudan quru çıxmaq” mümkün idi.

Lakin indi VAR dövrüdür. Hakimlərin işi kifayət qədər asanlaşıb. VAR-da oturan həmkarlar baş hakimi monitora çağırır, referi də təkrar-təkrar baxandan sonra epizoda qiymət verir.

Necə ki, Umudlu ilə Ağayevin hər ikisi monitorun qarşısında bir neçə dayanandan sonra ciddi səhvə yol verərək “nöqtə”ni göstərib.

Təcrübəli hakimlərin VAR-ın köməyinə ehtiyac duyandan sonra və ən əsası, eyni komandanın xeyrinə penalti qərarı verməsi bizi illər əvvələ apardı.

Yadınızdadırsa, futbolun dərəbəylik dövründə hakimlər istədiyi qərarları verir, ayrı-ayrı komandaların maraqlarına xidmət etməklə onları lazım olan pillələrə daşıyırdılar. Və bu səbəbdən bir yox, iki yox, bir neçə ədalət təmsilçisi ədaləti düzgün qorumadığına görə hakimlikdən uzaqlaşdırılmışdı.

Kiminsə haqqına girmək niyyətindən uzağam. Təki şübhələr məni aldatsın. Ancaq bu məsələ müvafiq qurumlar tərəfindən mütləq və mütləq araşdırılmalıdır.

Bir həftə ərzində iki eyni yanlış qərar niyə məhz “İmişli”nin xeyrinə verilib?

Kamal Umudlu bir neçə gün əvvəl səhvə yol vermişdisə, yaxasında FİFA –nın emblemini daşıyan Əliyar Ağayev VAR-a baxandan sonra niyə özünü çətin vəziyyətə salıb?

“İmişli”nin rəhbərləri, sponsorları arasında hakimlərə yaxın olan şəxs varmı? Varsa, kimdir, nəçidir?

Bu işdən təsadüfdən çox zərurət qoxusu gəlir. Premyer Liqaya yeni yüksələn və qarşısında ciddi hədəf durmayan İmişli təmsilçisinin xeyrinə indidən yanlış penaltilər verilirsə, komandanın iddiaları artandan sonra daha betər halların şahidi olacağımıza heç kim zəmanət verə bilməz.

AFFA “İmişli” – hakimlər mövzusu ilə bağlı araşdırmanı gücləndirərək nəticə əldə etməsə, sabah daha böyük facilərə şahidlik edəcəyik.

Bizdən demək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular
15 Dekabr 02:30 Ay Can, ay Can...
15 Dekabr 00:10 PSJ qazandı - VİDEO