Futbolla nəfəs alan, futbola həsrət qalan, ümidlə yaşayan kənd - FOTOREPORTAJ

11 İyun 2023 14:25 Araşdırma 1 741
Futbolla nəfəs alan, futbola həsrət qalan, ümidlə yaşayan kənd - FOTOREPORTAJ

Rəvayətə görə, Şəki (Nuxa) rayonunun (hazırda Qəbələ rayonunun ərazisində yerləşən Mıxlıqovaq kəndindən) bir qrup əhali Xaçmaz tərəfə gəlib və təqribən indiki Nərəcan kəndi ərazisində yerləşib.

“Nərə” türk dilində “hara” deməkdir.

Elə kəndin adı da oradan gəlir. Yəni haracan (nərəcan).

Ermənilər 1905 və 1918-ci illərdə kənd ərazisinə basqın təşkil edib. Bir çox evləri yandırıb və vəhşiliklər törədiblər.

Kənd Xaçmaz və Xudat şəhərləri arasında, Qusarçay çayının sağında yerləşir.

Yaşıllığa bürünmüş Nərəcanda idmana maraq böyükdür. Kəndin mərkəzində iri meydança salınıb. Yerli camaatın köməkliyi ilə.

Onların dediyinə görə, futbol sahəsinin saxlanılması üçün bütün kənd adamları səfərbər olub.

Hamı əlindən gələn yardımı edib ki, futbolsevər yeniyetmə və gənclər burada sevimli idman növü ilə məşğul olsunlar.

Ara-sıra stadiona göz dikənlər tapılıb. Həmin şəxslər istəyib ki, meydançanı söküb, yerində bir neçə villa tiksinlər.

Camaat imkan verməyib. Problemin həllində şəhid Cəbiyev Cavidin adını daşıyan məktəbin müəllimləri fəal rol oynayıb.

Biz Nərəcanda olduğumuz vaxt maraqlı hadisənin şahidi olduq.

Hava nisbətən soyuq idi. Bununla belə, onlarla uşaq bölüşərək öz aralarında futbol oynayırdılar.

Onlardan bir neçəsinə yaxınlaşdıq, hamısı bir ağızdan dedi ki, “mən “Messi”yəm”, mən “Ronaldo”yam”, “mən “Rəşad Sadıqov”am”.

Soruşduq ki, gələcəkdə futbolçu olmaq istəyirsiz? Fikirləşmədən cavab verdilər – “bəli”.

Hansı komandanın formasını geyinməyi arzuladıqları ilə maraqlandıq. “Barselona”nın, “Real”ın, “Qarabağ”ın və “Neftçi”nin adını çəkdilər.

Xaçmaz böyük rayondur. Təəssüf ki, futbolu sevən bu rayonun indiyədək bir peşəkar statuslu klubu olmayıb.

Düzdür, iki il öncə Region Liqasında mübarizə aparan komanda yaradılıb. Lakin yarımhəvəskar çempionatın Şimal zonasında qüvvəsini sınayan kollektiv fəaliyyətini tez də dayandırıb.

Səbəb? Cavab tanışdır - maliyyə çatışmazlığı.

Halbuki Xaçmazda kifayət qədər imkanlı şəxs, biznes mərkəzləri var və onlara “futbola vəsait ayır” deyən olsa, yəqin ki, etiraz etməz.

Sadəcə, bunun üçün təşəbbüs göstərmək, həmin iş adamlarını bir araya gətirmək lazımdır.

Gün gələr, o da olar. Nərəcanın özündə beynəlxzalq standartlara cavab verən futbol bazası tikmək mümkündür.

Klub yaradılsa, buradan neçə-neçə istedad çıxar. Necə deyərlər, oğlanlar var, şərait yoxdur.

Hələlik kənd camaatının istəkləri arzudan o yana getmir. Onların sözlərinə görə, AFFA-dan diqqət gözləyirlər.

Gözləyirlər ki, federasiyanın məsul şəxsləri Nərəcana təşrif buyursun, meydança ilə tanış olsun, buranın saxlanılması üçün texniki inventar versin.

Çünki sahə təbii otdan ibarətdir və ona daimi qulluq mütləqdir. Adicə otbiçən maşın tapmırlar ki, meydançanı vaxtlı-vaxtında alaq otlarından təmizləsinlər.

Nə iş görülürsə, hamısı əl əməyidir. Əlbəttə, bu da artıq əziyyətdir.

Meydançanın ətrafında taxta oturacaqlar quraşdırılıb. Bir qədər kənarda isə yarımtikiliyə rast gəlirik.

Bizi müşayiət edən kənd adamlarının bildirdiyinə görə, bura yardımçı otaqlar üçün nəzərdə tutulub. Maddi imkanlar zəifdir deyə, tikilini başa çatdıra bilmirlər və artıq neçə ildir ki, hər şey olduğu kimi qalıb.

Hərçənd 5-10 min manat vəsait lazımdir ki, yarrdımçı otaqlar hazır vəziyyətə gətirilsin, o cümlədən, paltardəyişmə və hakimlər otaqları tikilsin. Belə olsa, Nərəcanı ən azından Region Liqasında görərik.

Kənd əhli inanır ki, günlərin birində Nərəcanın səmasında gün doğacaq və idman həyatı canlanacaq.

Hər halda ümidləri böyükdür və əmindirlər ki, bu işləri görən tapılacaq, kəndin gəncləri digər növlərdə olduğu kimi, futbolda da respublikaya səs salacaq.

Xanoğlan İmanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti