Rusiyanın müharibə aparmaq gücü yayda tükənəcək - SENSASİON İDDİA!

2 İyul 2022 13:30 Araşdırma 456
Rusiyanın müharibə aparmaq gücü yayda tükənəcək - SENSASİON İDDİA!

“Rusiyanın müharibə aparmaq qabiliyyəti tezliklə tükənəcək”.

Bu barədə “Vaşinqton Post”da dərc olunan eyniadlı məqalədə deyilir.

Qəzetə danışan ekspertlər hesab edirlər ki, Rusiyanın hərbi sənaye kompleksi Ukraynada hər gün sərf etdiyi qədər raket, mərmi və digər hərbi texnika istehsal edə bilməz. “Əgər indi Rusiya məhz silahların sayında üstünlüyə malikdirsə, bu üstünlük yay ərzində Qərbin sanksiyaları və Ukraynaya davam edən hərbi dəstəyi ilə sıfırlana bilər. Elə bir məqam gələcək ki, Rusiyanın kiçik uğurları bu uğurların bədəlinə dəyməyəcək və imkanları bərpa etmək üçün uzun bir fasilə götürmək lazım gələcək” - deyə məqalədə qeyd olunur.

Britaniyanın xarici işlər naziri Liz Trass da deyib ki, Ukrayna ordusu rus hərbçilərini darmadağın edə bilər. Nazirin fikrincə, bu, yaxın gələcəkdə mümkündür. O, yaxın gələcəkdə Ukrayna ərazisinin Rusiya ordusundan azad edilməsinin real olduğunu düşünür: “Buna görə də biz Ukraynaya ölümcül silahlarla əlavə yardım edirik”.

Lakin Almaniyanın kansleri Olaf Şolts hesab edir ki, Putin ən azı bir ildir müharibəyə hazırlaşırdı. Ona görə də Kreml uzunmüddətli savaş apara biləcək. “Həqiqətən, kimsə müharibənin nə vaxt başa çatacağını bilmir. Lakin Putin uzunmüddətli hərbi əməliyyatlara hazır görünür. Düşünürəm ki, müharibənin başlanması barədə qərar ən azı bir il əvvəl qəbul olunub. Yəni Putin buna hazırlaşıb”, - o söyləyib. Şolts vurğulayıb ki, Putin bunu etiraf etməsə də, Rusiya Qərbin sanksiyalarının təsirini hiss edir: “O, Qərbin Rusiya iqtisadiyyatına təsirini başa düşür”.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak isə Rusiya işğal etdiyi əraziləri tərk edənədək müharibənin davam edəcəyini bildirib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov qeyd edib ki, ölkəsi ağır silahlarda düşmənlə bərabər olmaq üçün kifayət qədər yardım almır: “Bizi çox ağır müharibə gözləyir. Özümüzdən başqa ölkəmizi kimsə qorumayacaq. Bütün tərəfdaşlarımıza minnətdarıq və ümid edirik ki, silahlar çatdırılacaq”.

Bəs, ekspertlər bu xüsusda nə düşünür?

Azad İsazadə:

Azad İsazadə

Hərbi analitik Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın artıq potensialı tükənib, amma hələ də davam edir: “Ukrayna müharibəsində 60-cı illərin tank və toplarından, İkinci Dünya savaşından qalan avtomatlardan istifadə edirlərsə, deməli, tükəniblər. Amma biz resurs deyəndə iki faktora diqqət çəkməliyik: keyfiyyət və say. Bəli, keyfiyyətcə tükənib, amma sayca top, tank var və yayın sonuna qədər inanmıram ki, bu köhnə silahlar qurtarsın. Amma Rusiyanın insan resursu problemi var. Mənə elə gəlir ki, həmin məqaləni tam populist adlandırmaq olmaz, amma həddindən artıq optimist analizdir”.

A.İsazadənin fikrincə, maraqlıdır ki, ABŞ mediasında periodik ruspərəst yazılar çap olunur: “Görünür, müxtəlif qüvvələr bir-biri ilə mübarizə aparır. Ola bilsin ki, bu yazı Ukraynapərəst bir məqalədir. Bununla belə, yayın sonuna olmasa da, əgər payıza güclü silahlarla təmin olunarsa, Ukrayna üstünlük qazana bilər”.

ABŞ-ın Türkiyəyə qarşı addımlarının arxasında hansı planlar gizlənib? –  politoloq şərhi - 21.05.2021, Sputnik Azərbaycan

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova düşünür ki, Rusiya pas atmış silahlarla da olsa döyüşməyə davam edəcək: “Onun əsas üstünlüyü artilleriyadadır. Amma İlan adasında Ukrayna artilleriya bölmələri qalib gəldi. Bununla belə şərq cəbhəsində Rusiya taktiki üstünlüyə malikdir. Yayın sonuna qədər Rusiya Donbası tamamilə işğal etməsə, payızda işi çətinləşəcək. Son bir ayın nəticəsinə baxanda, Rusiya üçün böyük sıfır rəqəmi göstərmək olar. Mariupoldan sonra ciddi uğuru olmayıb. İyun ayında Ukrayna müdafiəni möhkəmləndirib, Xarkov və Xerson istiqamətində irəliləyib. G7 liderlərinin dəstəyi, Madriddə NATO sammitində yeni konsepsiya elan olunması, Britaniyadan gələn açıq bəyanatlar, Londonun ruslar uduzana qədər savaşın davam edəcəyini söyləməsi göstərir ki, müharibəni Putin başlada bilər, amma qurtara bilməz”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"