Bu klub növbəti mövsümdən Premyer Liqada olmayacaq?

1 Mart 2021 18:00 Araşdırma 1 315
Bu klub növbəti mövsümdən Premyer Liqada olmayacaq?

Artıq neçə ildir ki, Premyer Liqada klubların sayının 10-a çatdırılması ilə bağlı müzakirələr getsə də, ilk baxışdan elə də çətin görünməyən məsələni həll etmək AFFA üçün müşkülə çevrilib.

Cari mövsüm asta-asta sona yaxınlaşmaqda olsa da, AFFA rəhbərliyi ənənəvi iş üslubuna sadiqdi, həmişəki mənzərədi – qeyri müəyyənlik!

Əvvəlki illərdə 10 komandalı çempionatın təşəbbüskarı kimi PFL prezidenti Ramin Musayev çıxış eləyibsə, bu dəfə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da bu qərarın ölkə futbolunun inkişafı üçün labüd olmasını qabardıb.

Amma belə görünür ki, yenə ideya var, strategiya isə yox. Çünki Premyer Liqada oynamalı klub məntiqlə artıq indidən tədarükə başlamalı idi. Futbolun içində olan hamı bilir ki, divizion təfəkkürü və bacarığıyla Premyer Liqada baş çıxarmaq real deyil.

Lakin apardığımız araşdırmalara əsaslanıb yaza bilərik ki, hələ ki divizionda heç bir klubdan tərpəniş yoxdur. Hamı gözləyir! Belə bir məlumat var ki, “Turan Tovuz”a şifahi şəkildə hazır olmaları barədə söz eşitdirilib. Hər halda yeni bazanın istifadəyə verilməsindən sonra klubun ifrastruktur problemi çözülüb, akademiyanın tam işlək vəziyyətə gətirilməsi də çətin olmayacaq. Prinsipcə, Tovuz klubunun elitaya qalxması ciddi problem olmalı deyil, amma qəti fikir deyən yoxdur.

“Kəpəz”in dərdi bir başqadır. Yerli icra strukturlarının kluba laqeyd münasibətini görən AFFA rəhbərliyi Gəncə təmsilçisi ilə bağlı tərəddüd içindədi. Bu gedişlə “Kəpəz” qarşıdakı mövsümü də divizionda keçirəcək. “Zaqatala”nın isə ümumiyyətlə adını tutan yoxdu. Bu bölgə klubuna ümidverici söz deyən belə olmayıb AFFA-dan.

Diviziondan hansı klubların yuxarı qalxacağına dair müzakirələrin getdiyi məqamda kuluarlarda “Səbail”in Premyer Liqada yerini itirəcəyi ilə bağlı söhbətlər dolaşmağa başlayıb.

Əslində, son iki mövsüm “yetim uşaq” görkəmində olan “Səbail”in bu gedişlə uzağa gedə bilməyəcəyi bəlli idi. Lakin komandanın baş məşqçisi Aftandil Hacıyevin az qala təkbaşına klubun yükünü daşıması “ölüm ayağında olan xəstəyə süni nəfəs kimi bir şey olub”.

Belə baxanda, “Səbail” çox məhdud imkanlarına rəğmən Premyer Liqaya rəng qatan komandadı. Və belə bir komandanı diviziona göndərmək futbolumuzun xeyrinə yox, əleyhinə atılmış addım olar. Görünən odur ki, uzun müddətdi bu klub ətrafında gedən “saray çəkişmələrinin” kulminasiya nöqtəsi uzaqda deyil.

Bizdə olan məlumata görə, “Səbail” gələn mövsümdən divizionda çıxış edəcək və daha çox akademiyaya diqqət yetirəcək. Premyer Liqada isə komandaların sayı 8 olaraq qalacaq, Konkretləşdirsək, “Səbail”i “Turan Tovuz” əvəzləyəcək. Əslində, elə günü sabah AFFA planlarını dəyişsə, heç təəccüblənmərik. Bu illər ərzində o qədər qəribəliklər, tez-tez dəyişən fikirlər, gözlənilməz qərarlar görmüşük ki (sportal.az)...

Digər Xəbərlər
Xəbər Lenti