Bu gün I Liqada yeddinci tur start götürməli idi.
Təqvimə əsasən, «Mingəçevir» doğma şəhərdə «Şahdağ»ı qəbul etməli idi.
Amma saat 15:00-da başlamalı olan oyun keçirilməyib. Buna səbəb “Mingəçevir”in məşqçi və futbolçu heyətinin oyunu boykot etməsidir.
“Qəbələ” ilə kubok matçına xahiş-minnətlə yollanan komanda üzvləri həmin qarşılaşmadan sonra maaşlarını alacaqlarını gözləyirdilər.
Üstündən bir həftə keçməsinə baxmayaraq, ödənilməli olan məvaciblərdən xəbər çıxmayıb.
Nəticədə futbolçuların bir çoxu, daha dəqiq desək, Mingəçevirdən kənarda yaşayan 10-a yaxın oyunçu komandanın düşərgəsini tərk edib.
Baş məşqçi Elman Sultanov da Mingəçeviri tərk edərək Bakıya üz tutub.
Komanda üzvlərinin rəhbərlikdən tələbi üç aylıq maaş borcunun müəyyən hissəsinin ödənilməsidir. Rəsmilər həftələrdir “bu gün-sabah”larla söhbəti uzatsa da, indiyədək onlara bir qəpik belə ödənilməyib.
Artıq futbolçuların səbr kasası daşıb. Onlar kirayə qaldıqları evlərin pulunu ödəməli, qidalanma və nəqliyyat xərclərini qarşılamaq üçün vəsait tapmalıdırlar.
Lakin aylardır maaş ala bilməyən oyunçular bu xərclərin öhdəsindən gəlməkdə çətinlik çəkir.
Belə vəziyyətdə bəziləri komandadan ayrılmaq, başqa iş tapmaq və ya digər klublara üz tutmaq barədə düşünmək məcburiyyətində qalıb.
«Şahdağ» hazırda Mingəçevir stadionundadır. Qusar təmsilçisi bir qədər öncə meydana çıxıb və ev sahiblərini gözləyir. Az sonra ikitərəfli oyun keçirərək,geri qayıdacaqlar.
SPORTİNFO.AZ
“Mingəçevir” – “Şahdağ Qusar”
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
