I Liqanın 7-ci turunun mərkəzi qarşılaşması Masazırda baş tutacaq.
“Bank Respublika Arena”da “Səbail” nominal meydan sahibi qismində “Gəncəbasar”ı qəbul edəcək.
Komandaların hazırkı vəziyyətinə nəzər salsaq, Gəncə təmsilçisi 15 xalla turnir cədvəlinə liderlik edir. Çempionluğun əsas iddialılarından sayılan “Səbail” isə rəqibindən 4 xal geri qalaraq hazırda beşinci pillədə qərarlaşıb.
Qarşılaşmanın yekun nəticəsi turnir cədvəlində ciddi dəyişikliklərə səbəb ola bilər.
Bu baxımdan hər iki komanda üçün oyunun gərgin və prinsipial mübarizə şəraitində keçəcəyinə şübhə yeri yoxdur.
“Gəncəbasar” gənc və istəkli futbolçulardan formalaşan kollektivdirsə, “Səbail”in heyətində daha təcrübəli və keyfiyyətli oyunçular yer alıb. Bu amil də qarşılaşmaya əlavə maraq qatacaq.
Sportinfo.az-a açıqlama verən “dənizçilər”in portuqaliyalı hücumçusu Dinyo matçla bağlı fikirlərini səsləndirib.
“Düşünürəm ki, əsas üstünlüyümüz güclü kollektivə malik olmağımızdır. Biz bir ailəyik.
Meydanda sona qədər mübarizə aparır, əlimizdən gələni edirik və heç vaxt təslim olmuruq. Hesab edirəm ki, hər oyundan sonra daha da birləşir, daha vahid komanda oluruq.
Bu qarşılaşmada komandamızın yaxşı nəticə göstərəcəyinə həqiqətən inanıram. Bizim üçün yalnız bir nəticə önəmlidir – 3 xal!
Qələbə, şanslarımızı çox yüksək qiymətləndirirəm. Heyətimizdə istedadlı futbolçular, meydanda sona qədər mübarizə aparan əsl döyüşçülər var.
Buna görə də komandama və bu kollektivdə olan hər kəsə inanıram. Çünki bizim məqsədimiz çempion olmaqdır. 3 xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Noyabrın 5-də “Bank Respublika Arena”da keçiriləcək “Səbail” – “Gəncəbasar”qarşılaşması saat 15:00-da başlayacaq.
HƏBİB
