Azərbaycan futbolunda bəzi klublar var ki, onların qarşısında təkcə meydana çıxmaq və mövsümü başa vurmaq vəzifəsi dayanmamalıdır.
Belə klublar inkişaf strategiyası qurmalı, iddialarını konkret nəticələrlə təsdiqləməli və Azərbaycan futboluna nə vermək istədiklərini göstərməlidirlər.
“Baku Sportinq” də məhz bu suallar ətrafında müzakirə olunmalı klublardandır.
2018-ci ildə yaradılan, 2023/2024-cü illər mövsümündə Azərbaycan İkinci Liqasının çempionu olaraq Birinci Liqaya yüksələn “Baku Sportinq”in müəyyən potensialı və infrastrukturu var.
Klubun öz açıqlamasında yerli futbolçuların yetişdirilməsi, akademiyanın inkişafı və peşəkar futbolun keyfiyyətinin artırılması əsas məqsədlər kimi göstərilir.
Bəs bu məqsədlər real nəticələrdə nə dərəcədə öz əksini tapır? Klubun uzunmüddətli planı nədir?
Premyer Liqaya yüksəlmək, gənc futbolçular yetişdirmək, yoxsa sadəcə Birinci Liqada mövcudluğunu qorumaq? Bu suallara aydın cavab verilməlidir.
“Baku Sportinq”in bugünkü vəziyyətini düzgün qiymətləndirmək üçün klubun keçdiyi yolu xatırlamaq lazımdır. Çünki bu komanda qısa müddət ərzində aşağı liqadan yüksələrək Birinci Liqada rəqabət aparan kollektivə çevrilib.
Ancaq inkişafın davamlı olub-olmadığını müəyyən etmək üçün mövsümlər üzrə nəticələrə baxmaq kifayətdir.
2018-ci il klubun yaradılması. “Baku Sportinq”in əsası 2018-ci ildə qoyulub. Klub fəaliyyətə ilk növbədə uşaq futbolu istiqamətində başlayıb, 2019-cu ildə isə futbol akademiyası yaradılıb.
Rəsmi açıqlamalarda əsas məqsəd yerli istedadların üzə çıxarılması, futbolçu hazırlığının təşkili və onların peşəkar futbola qazandırılması kimi göstərilir.
2023/2024-ci il mövsümündə İkinci Liqanın çempionluğu. “Baku Sportinq” həmin mövsümdə İkinci Liqanın qalibi olub və Birinci Liqaya yüksəlmək hüququ qazanıb.
2024/2025-ci il mövsümündə Birinci Liqada debüt və 8-ci yer. Çempionluqdan sonra klubun qarşısında daha ciddi sınaq dayanırdı.
“Baku Sportinq” ilk mövsümünü 27 oyunda 7 qələbə, 7 heç-heçə və 13 məğlubiyyətlə başa vurdu. Komanda 28 xal topladı, 21 qol vurdu və 43 qol buraxdı. Yekun nəticə 10 komanda arasında səkkizinci yer oldu.
Bu göstəricilər göstərirdi ki, İkinci Liqada çempion olmaqla Birinci Liqada sabit nəticə göstərmək arasında ciddi fərq var. Klub yeni səviyyəyə uyğunlaşmaqda çətinlik çəkirdi.
Bununla belə, debüt mövsümündə səkkizinci yeri tutmaq özlüyündə növbəti mövsüm üçün inkişaf bazası yarada bilərdi.
2025/2026 sezonunda komanda nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı.
“Baku Sportinq” 27 oyunda 13 qələbə qazandı, 10 heç-heçə etdi və cəmi 4 dəfə məğlub oldu. 40 qol vuran və 23 qol buraxan komanda 49 xalla dördüncü yeri tutdu.
Bir mövsüm ərzində səkkizinci yerdən dördüncü yerə yüksəlmək, məğlubiyyətlərin sayını 13-dən 4-ə endirmək və top fərqini yaxşılaşdırmaq ciddi irəliləyiş idi. Bu nəticə komandanın daha rəqabətədavamlı olduğunu göstərirdi.
Röyal Nəcəfovun adı həmin uğurlu mövsümlə bağlı xüsusi qeyd edilməlidir.
Lakin əsas məsələ keçmiş nəticəni xatırlamaq deyil. Əsas məsələ odur ki, belə mövsümdən sonra klub hansı nəticəyə gəlməli idi?
Mövcud komandanı qorumaq, müəyyən mövqeləri gücləndirmək və daha yüksək hədəflər uğrunda mübarizəni davam etdirmək, yoxsa formalaşmış sistemi dəyişmək?
Röyal Nəcəfovun gedişi ilə bağlı yayılan açıqlamada əsas səbəb rəhbərliklə fikir ayrılığı kimi göstərildi. Məşqçi yeni müqavilə təklifinin olduğunu, lakin tərəflərin hədəflərinin üst-üstə düşmədiyini bildirdi.
Burada vacib məqam var: söhbət nəticəsiz işləyən məşqçinin ayrılmasından getmirdi. Komanda mövsümü dördüncü yerdə başa vurmuşdu.
Deməli, rəhbərlik yeni mövsüm üçün fərqli qərar verərkən öz mövqeyini konkret idman və idarəetmə arqumentləri ilə əsaslandırmalı idi.
Əgər məqsəd Premyer Liqaya yüksəlmək idisə, ötən mövsümün uğurlu tərəflərini qoruyaraq heyəti və infrastrukturu gücləndirmək daha məntiqli yanaşma olmazdımı?
Əgər məqsəd büdcəyə qənaət etmək idisə, bu qərarın idman nəticələrinə mümkün təsiri əvvəlcədən hesablanmışdımı?
Bunlar cavablandırılmalı suallardır.
Röyal Nəcəfovun saxlanılmaması avtomatik olaraq yanlış qərar demək deyil. Klubun məşqçi dəyişmək hüququ var. Ancaq yaxşı nəticə göstərmiş məşqçi ilə yollar ayrılırsa, onun yerinə gələn mütəxəssisin hansı yeni ideyaları gətirəcəyi və komandanı hansı istiqamətdə inkişaf etdirəcəyi aydın olmalıdır.
Əks halda, dəyişiklik inkişaf strategiyasından daha çox, idarəetmə qərarı olaraq qalır.
Nəcəfovdan sonra Samir Ələkbərov.
Samir Ələkbərovun Azərbaycan futbolundakı yeri mübahisə mövzusu deyil. O, “Neftçi”nin və Azərbaycan futbolunun tanınmış
hücumçularından, veteran futbolçularımızdan biridir. Onun futbolçu kimi xidmətlərini və adını kiçiltmək düzgün olmaz.
Lakin futbolçu karyerası ilə baş məşqçilik ayrı peşələrdir.
Böyük futbolçu olmaq avtomatik olaraq böyük məşqçi olmaq demək deyil. Baş məşqçinin işi yalnız futbolçularla ünsiyyət qurmaq və soyunub-geyinmə otağını idarə etməkdən ibarət deyil.
Buraya oyun modelinin hazırlanması, taktiki plan, məşq prosesinin təşkili, rəqib təhlili, oyun ərzində qərarvermə və futbolçuların fərdi inkişafı daxildir.
Ələkbərovun əvvəlki məşqçilik fəaliyyətinə “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “İrəvan” və Azərbaycan U-21 millisi ilə bağlı iş təcrübəsi daxildir. O, 2019-cu ildən “Baku Sportinq” sistemində də çalışıb.
Amma sual qoymaq tamamilə haqlıdır: Samir Ələkbərovun baş məşqçi kimi qarşısına qoyduğu hədəflər nədir və həmin hədəflərə çatmaq üçün hansı futbol modelini təklif edir?
Üstəlik, Röyal Nəcəfovun gedişindən sonra məhz Ələkbərovun əsas komandaya rəhbərlik etməsi klubun yeni mövsüm strategiyasının əvvəlkindən nə ilə fərqlənəcəyini daha da vacib edir.
Əlbəttə, mövsümün ilk turlarından yekun nəticə çıxarmaq tezdir. Ancaq dörd oyunda dörd məğlubiyyət və 0:9 top fərqi sadəcə bəxtsizliklə izah edilə bilməz. Burada oyunun qurulması, heyətin hazırlığı, hücumdakı problemlər və komandanın psixoloji vəziyyəti araşdırılmalıdır.
Əgər klub ötən mövsümün nəticəsini inkişaf etdirmək istəyirdisə, bu başlanğıc ciddi xəbərdarlıqdır. Əgər yeni strategiya seçilibsə, onun meydanda hansı nəticələri verməli olduğu izah edilməlidir.
2026-cı ilin iyununda Samir Ələkbərov müsahibəsində komandanın əsas maliyyə dayağının AFFA tərəfindən ayrılan 300 min manat olduğunu və əlavə maliyyə vəsaitinin gözlənilmədiyini bildirib.
O, əvvəlki iki mövsümdə klubun əlavə maliyyə imkanlarına malik olduğunu, amma bunun nəticələrə gözlənilən təsiri göstərmədiyini də qeyd edib.
Bu il edilən transferlərədə suallar var, əsas Elnur Səmədov ilə bağlı, vaxtilə Azərbaycan futbolunda məhsuldar hücumçu kimi tanınıb və Birinci Liqada bombardirlik uğuru ilə yadda qalıb.
İndi onun “Baku Sportinq”in heyətində yer alması hücum xəttinin gücləndirilməsi baxımından maraq doğurur, futbolçunun keçmişdə hansı nəticələri göstərməsi onun bugünkü formasına zəmanət vermir.
Əsas suallar bunlardır: Səmədov hazırda hansı fiziki vəziyyətdədir? Son mövsümlərdə neçə oyun keçirib, neçə qol vurub? Komandaya nə dərəcədə fayda verə bilər?
Son illərdə futbolçu kimi fəaliyyəti əvvəlki səviyyədə olmayan, son iki ildə əsasən həvəskar səviyyədə çıxış etdiyi və taksi sürücüsü işlədiyi deyilən Elnur Səmədovun bugünkü fiziki və oyun forması bu baxımdan əsas sualdır.
Lakin belə bir transferdə futbolçunun keçmiş uğurlarından daha çox, bu gün komandaya nə verə biləcəyi qiymətləndirilməlidir.
Söhbət Elnur Səmədova yenidən şans verilməsinə qarşı çıxmaqdan getmir. Əksinə, futbolçunun geri qayıtması, özünü göstərməsi və yenidən peşəkar səviyyədə oynamaq imkanı qazanması müsbət haldır.
Ancaq fərdi karyera üçün yaxşı fürsət olan qərar komandanın ehtiyacları ilə də üst-üstə düşməlidir.
“Baku Sportinq”in hazırkı vəziyyətində əsas ehtiyac yalnız heyəti genişləndirmək deyil, dərhal nəticəyə təsir göstərə biləcək futbolçular qazanmaqdır.
Bunun üçün oyun ritmini qoruyan, fiziki cəhətdən hazır olan, rəqabətədavamlı və məşqçinin oyun planını meydanda həyata keçirə bilən futbolçu lazımdır.
Futbolçuya etimad göstərmək yaxşıdır, amma komandaya kömək edəcək futbolçunu seçmək daha vacibdir. Elnur Səmədovun bu etimadı doğruldub-doğrultmayacağını isə onun adı və keçmiş statistikası deyil, bugünkü fiziki hazırlığı, oyun praktikası və meydandakı çıxışı müəyyən edəcək.
Icraçı direktor Hüseyn Rzayevin və klub rəhbərliyinin gördüyü işləri də nəzərə almaq lazımdır. “Baku Sportinq”in İkinci Liqadan Birinci Liqaya yüksəlməsi, Buzovnada stadion infrastrukturuna sərmayə qoyulması və akademiyanın inkişafı müsbət addımlardır.
Klubun bu gün mövcud olması və müəyyən infrastruktur yaratması öz-özünə baş verməyib.
Rəhbərlik yalnız komandanın maliyyə və təşkilati tərəflərini təmin etməklə kifayətlənməməli, idman nəticələrinə görə də məsuliyyət daşımalıdır.
Xüsusilə də uğurlu mövsümdən sonra məşqçi dəyişikliyi edilirsə, yeni qərarların məntiqi ictimaiyyətə aydın olmalıdır.
Klubun iddiaları, maliyyə imkanları, transferləri və nəticələri arasında uyğunluq olmalıdır. Əks halda, yaradılmış infrastruktur və çəkilən zəhmət gözlənilən idman nəticələrinə çevrilməyəcək.
“Baku Sportinq”in problemi yalnız dörd oyunda dörd məğlubiyyət deyil. Əsas məsələ bu nəticələrdən hansı dərslərin çıxarılacağı və klubun hansı istiqamətdə inkişaf edəcəyidir.
Çünki futbol klubunun məqsədi sadəcə çempionatda iştirak etmək olmamalıdır.
Məqsəd inkişaf etmək, rəqabət aparmaq, futbolçu yetişdirmək və nəticə göstərməkdir. Əgər bunların hamısı klubun strategiyasında yer alırsa, rəhbərlik bunu konkret plan və nəticələrlə nümayiş etdirməlidir.
“Baku Sportinq”in qarşısında seçim var: ötən mövsümün uğurunu davamlı inkişafın başlanğıcına çevirmək, yoxsa həmin uğuru geridə qalmış bir nəticə kimi xatırlamaq.
SPORTINFO.AZ
