AFFA 190 min manat borcu olan bu kluba STOP qoydu!

16:40 I Divizion 165
AFFA 190 min manat borcu olan bu kluba STOP qoydu!

I Liqada mübarizə aparan “Mingəçevir”də vəziyyət getdikcə gərginləşir.

Klub daxilində yaşanan böhran artıq ciddi həddə çatıb, bıçaq sümüyə dirənib.

“İşıqlar şəhəri”nin təmsilçisində yaranan problemlər yalnız uğursuz nəticələrlə bağlı deyil. Əsas səbəb maliyyə böhranı və futbolçuların aylardır maaşlarını ala bilməməsidir.

Belə ki, “Mingəçevir” artıq iki aydır məşqçi və futbolçu heyətinə maaş verə bilmir. Onsuz da titul sponsoru olmayan klub AFFA-dan ayrılan aylıq 30 min manatlıq maliyyə dəstəyi hesabına fəaliyyət göstərir.

Lakin hazırda həmin vəsaitin də klubun hesabına köçürülməməsi vəziyyəti daha da ağırlaşdırıb.

Bunun səbəbi isə ötən mövsüm komandada çıxış etmiş futbolçuların maaşlarının bir hissəsini ala bilməməsi və bununla bağlı məhkəməyə müraciət etməsidir.

AFFA-nın apardığı araşdırmalar nəticəsində “Mingəçevir”in ümumilikdə 190 min manat borcunun olduğu müəyyənləşib.

Bu məbləğə maaş borcları və faizlərin daxil olduğu bildirilir.

Mövcud vəziyyətdə klubun qarşısında konkret tələb 190 min manatlıq borcun ödənilməsidir.

Yalnız bundan sonra AFFA tərəfindən ayrılan maliyyə dəstəyinin bərpa olunması və komandanın maaş probleminin həlli mümkün ola bilər.

Əks halda, “Mingəçevir”də böhranın daha da dərinləşəcəyi gözlənilir.

Artıq baş məşqçi Elman Sultanov da belə şəraitdə işləmək istəmədiyini bildirib. Komandaya kənardan cəlb olunan futbolçuların da maaş almadan oynamağa davam etmək niyyətində olmadığı məlumdur.

İndiki vəziyyətdə “Mingəçevir” seçim qarşısında qalıb. Klub ya borclarını ödəyərək AFFA-dan ayrılan maliyyə vəsaitinin bərpasına nail olmalı, ya da məlum vəziyyətlə barışmalıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?