Qadın həndbol komandamız “Kür” EHF Avropa Kubokunun üçüncü mərhələsi çərçivəsində Şimali Makedoniyadan “Çair”ə qarşı cavab oyununda məğlub olub.
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən qarşılaşma qonaqların 32:21 hesablı növbəti qələbəsi ilə başa çatıb.
İki gün əvvəl, noyabrın 13-də baş tutan turun ilk matçında da “Çair” Mingəçevir təmsilçisindən üstün olub – 27:24. Nəticədə Şimali Makedoniya klubu 1/8 finala yüksəlib, “Kür” isə turnirdə mübarizəni dayandırıb.
Daha əvvəl “Kür” kişi komandası da Avropa Kubokundakı çıxışını başa vurmuşdu. İkinci mərhələdə Azərbaycan klubu Bosniya və Herseqovinanın “MRK Sloga Doboj” kollektivinə hər iki matçda uduzmuşdu – 26:38 və 30:32.
Beləliklə, Azərbaycan həndbolu üçün avrokubok mövsümü başa çatıb.
