"Səbail"lə "Zirə"ni incidən PROBLEM YIĞINI

13 Mart 2020 18:48 Zirə 695
"Səbail"lə "Zirə"ni incidən PROBLEM YIĞINI

"Səbail" son turda dağdan enib çətin "Neftçi" səfərindən xalla dönməyi bacarmışdısa, zirəlilər evdə autsayder "Qəbələ"ə qarşısında ağır məğlubiyyətlə üzləşmişdi.

Beşinci ardıcıl məğlubiyyət "Zirə"yə tam "parnik" komandası möhürünü vuracaqdı.

Ağabala Ramazanov məcburi istirahətdən sonra ilk dəqiqələrdən komandanın oyununa güc qatdı.

"Sabah"ın Ramil Şeydayəvə münasibətindən fərqli olaraq, məcburi ölkəyə qayıtmış iki istedadlı futbolçudan biri - Emil Balayev dərhal qapıda öz yerini almışdı. Bu da "Zirə"nin müdafiə xəttinə, ümumilikdə isə komandaya özünəinamı artırmışdı.

Zaur Həşimov Samir Abasovun futbolçiları ilə özünkülər arasında dilemma qarşısında qalıb. Belə yanaşma psixoloji baxımdan həm özünə, həm də komanda quruculuğuna mənfi təsir edir. Bu oyuna isə futbolçular "bəsdir" sözü ilə çıxmışdılar. İlk dəqiqələrdən hiss olunurdu ki, Bayıla ancaq qələbə dalınca gəliblər.

"Səbail"ın vəziyyəti ürəkaçan deyil. Kollektiv bir mövsümə iki dəfə sökülüb, amma yığılmayıb. Əllərinin altında nə varsa, onlarla oynamaq məcburiyyətində qalırlar.

"Paz" da öz yerində. Antalyada qarsonlarla da şəkil çəkdirməyə vaxt tapan Maykl Esyen təzə-təzə meydanda gəzişməyə alışırdı ki, dartdı.

Tək Rahid Əmirquliyevin və 1-2 futbolçunun üstündə komandanın bundan artığını etməsi çətin görünür. Elə ilk qolu da "Zirə" sanki məşq edirmiş kimi vurdu.

Nə ötürmə, nə də David Volkovun zərbəsi anında rəqib futbolçular yalandan da olsa, onlara mane olmaq fikrindən uzaq idilər. Belə mübarizə ilə qələbə qazana bilmərsən.

Düzdür, Rauf Əliyevin hücumu zamanı Adrian Skarlatake açıq-aşkar onu itələmişdi. Amma məğlubiyyəti hakimlərin üzərinə yıxmaq insafsızlıq olardı. "Səbail" cavab topunu vursa da, "Zirə" dəyişiklik edərək oyunda dönüş yarada bildi.

Nə qədər heyət, digər problemlər olsa da, komandalarda gənc məşqçilərə şans verilib. Hətta bəzilərinin adları yerli-yersiz milliylə namizədlər arasında çəkilir. Onlar öz üzərlərində daha ciddi işləməlidirlər.

Bəllidir, çempionat elə zəifləyib, futbolçu qıtlığı o səviyyəyə çatıb ki, komandalarda 2 metr top ötürə bilməyənlər də yer alır. Hələ fiziki hazırlıqdan, taktiki savaddan söhbət gedə bilməz.

Nə qədər şərtlər ağır, futbolçu seçimi kasad olsa da, məşqçilər gecə-gündüz öz üzərlərində çalışmalıdırlar. Təbii, artırmaq istəyirlərsə. Ən azından komandaya cəlb edilən legionerlərin keyfiyyətinə daha diqqətlə yanaşılmalıdır.

SPORTİNFO.AZ

Xəbər Lenti