Rəşad Sadıqovun başqa əlacı da yoxdur: axı çətinlikləri çoxdur

6 Aprel 2021 17:40 Zirə 990
Rəşad Sadıqovun başqa əlacı da yoxdur: axı çətinlikləri çoxdur

Uzun fasilədən sonra Premyer Liqaya "Səbail" – “Zirə” matçı ilə tura start verildi.

Dördüncü dövrə, finiş xəttinə çıxışda son oyunlar idi.

"Zirə"nin zədəliləri, itkiləri bilinir, klub məcbur qalıb, tez-tələsik iki legioner də gətirdi.

Davit Volkovun yoxluğu komandaya çox təsir edir. Koronavirusa yoluxan Riçard Almeydanın da karantinə alınması xətlərarası əlaqəni pozmuş oldu.

Heyətdə coxsaylı problemlər yaşansa da, elitada ilk mövsümü olan baş məşqçi Rəşad Sadıqov komandanı nəticəyə oynada bilir. Vəziyyəti düzgün qiymətləndirmək bacarığı bu gənc mütəxəssisin əsas üstünlüklərindən biridir.

Başqa əlacı da yoxdur: axı çətinlikləri çoxdur. O, işinə vicdanla yanaşmanın və kollektivə həddən ziyadə zaman yarımasının nəticəsində problemlərin öhdəsindən gəlir.

Rəqiblər ayılana kimi "Zirə" 3-cü pilləni möhkəm ələ keçirib və indi qazanılan hər xal da önəm kəsb edir. Üstəgəl, fasilədən sonra komandaların hansı vəziyyətdə olması bilinmir. Önəmli olan enişin yaşanmamasıdır.

"Səbail"in durumu göz önündədir. Aftandil Hacıyev klub adına meydanda tək döyüşür. Çempionatın bitiminə kimi indiki mövqeyini qoruyub saxlaya bilsə, baş məşqçi üçün qənaətbəxş sayılacaq.

Hər iki komanda həm qələbəni düşünürdü, həm də məğlub olmamağı. Qol vəziyyətlərinin yaranmaması, təhlükəli epizodların azlığının əsas səbəbini bunda axtarmaq lazımdır.

"Zirə" daha çox topa nəzarət, mövqe hücumlarına üstünlük verirdisə, "Səbail" ənənəvi tərzdə oynamağa çalışırdı. Amma yenə də 20 günlük fasilə oyun praktikasına, futbolçuların ritmdən düşməsinə səbəb olmuşdu.

Fərdi olaraq hansısa futbolçunu qeyd etmək də çətindir. Oyunçular məşqçilərinin tapşırığına uyğun hərəkət edirdi. Final fitindən sonra səbaillilər daha məyus görünsələr də, komandalar aktivlərinə 1 xalı yazmağı bacardılar.

"Sumqayıt" "Zirə"yə yaxınlaşsa da, 2 xallıq fərq önəm daşıyır. "Səbail" hər qazanılan xal hesabına görə 6-cı pilləni qoruyub saxlaya bilər.

Büdcələri ilə müqayisəyə gəlməyən "Sabah"la "Keşlə"dən öndə qərarlaşmaq onlar üçün təsəllidir. Ciddi təsəlli.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti