Qalmaqallı oyunun adamı “Sportinfo”ya nələr söylədi?

20:00 Turan 128
Qalmaqallı oyunun adamı “Sportinfo”ya nələr söylədi?

“Turan Tovuz”un qapıçısı Oleq Baklov Sportinfo.az-a müsahibə verib.

Tacikistan millisinin kiperi komandasının “Zirə” üzərində qazandığı 1:0 hesablı qələbədən sonra sualları cavablandırıb.

- 90 dəqiqəni xarakterizə edə bilərsən?

- İlk növbədə rəqibi bütün cəhətdə üstələyib layiqli qələbə qazandığımızı deməliyəm. İnamlı və kompakt oyun sayəsində “Zirə”yə real qol imkanı vermədik. Yaratdığımız qol fürsətlərini dəyərləndirə bilsəydi, hesab arasındakı fərq böyük ola bilərdi.

- Hər şey 0:0-a doğru gedərkən qələbə qolu vuruldu. Bu cür sonluğu təsəvvür edirdin?

- Allah çəkilən əziyyəti yerdə qoymur. Bu gün həqiqətən üstün futbol nümayiş etdirdik, çoxsaylı qol şanslarımız oldu. Hiss edirdim ki, gec-tez qolu vuracağıq.

- Ötən mövsümün yekunlarına əsasən Konfrans Liqasında “Turan Tovuz”un əvəzinə “Zirə” mübarizə aparmışdı. Bu fakt siz futbolçularda prinsipiallıq yaratmışdı?

- Düzünü desəm, bu barədə ümumiyyətlə düşünməmişdik. Hər turda qarşımızda rəqib olur və kimliyindən asılı olmayaraq həmin komandanı məğlub etmək barədə düşünürük. Prinsipiallıq o idi ki, ötən mövsümü yanaşı pillələrdə başa vurmuşduq. “Zirə” bu il də əsas rəqiblərimizdəndir.

- Baş hakim Rəvan Həmzəzadə fitindən az istifadə edir, sərt oyuna şərait yaradırdı. Belə olması futbolçuların ürəyincədir?

- Belə olması yaxşıdır, nəinki hər mübarizədə oyunu dayandırmaq.

- “Şamaxı” və “Araz-Naxçıvan”la oyunlarda hakim səhvlərinə görə vacib xallar itirdiniz. Ədalət təmsilçilərinin “Turan Tovuz”a qarşı münasibətdə ədalətsiz davrandıqlarını ehtimal etmək olar?

- Bilmirəm niyə, amma belə bir ənənə yaranıb. Hakimlər komandamıza qarşı çoxsaylı səhvlərə yol verir. Ötən mövsümdə də beləydi, bu il də. Yəqin ki, müvafiq orqanlar bu barədə araşdırma aparıb qərar qəbul edəcək.

- “Turan Tovuz”un əsas “silah”ı standart vəziyyətlərdir. Bu gün də cərimə zərbəsindən sonra fərqləndiniz. Bunu üstünlük kimi qəbul edirsən?

- Bizim ən böyük üstünlüyümüz yaxşı komandaya, keyfiyyətli kollektivə sahib olmağımızdır.

- Cari mövsümdə ilk dəfə şans qazandın. “Çərçivə” üçün darıxmışdın?

- Hər bir futbolçunun istəyi oynamaqdır. Hər gün etdiyimiz məşqlər, çəkdiyimiz əziyyət də buna görədir. Darıxmağım normaldır.

- Aleksey Kenyakinlə rəqabətdə özünü necə hiss edirsən? 5 turda ehtiyatda qalmağın psixoloji durumuna necə təsir edib?

- Rəqabətin olması normaldır. Bütün komandalarda olduğu kimi, bizdə də kimin oynayacağına baş məşqçi qərar verir. Mənim işim məşq etmək, hər an üçün hazır olmaqdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti